Biz mediasiyaya hazır olmalıyıq

Biz mediasiyaya hazır olmalıyıq

Döyüşdən yaxşıdır barışıq şəfqət,.
Biri dərd gətirir, biri səadət.
Madam ki, sülh ilə göyərər dilək,
Döyüşə at çapmaq daha nə gərək?
Nizami Gəncəvi.
Bu ilin iyulun 1-dən ölkəmizdə mübahisələrin barışıqla yekunlaşmasına xidmət edəcək "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minir. Həmin tarixdən etibarən əvvəllər birbaşa məhkəmələrdə baxılmalı olan müəyyən kateqoriya işlərə mediasiya prosesi çərçivəsində baxılacaq və həmin prosesi keçmədən qeyd olunan ərizələrə məhkəmələrdə baxılmasına yol verilməyəcək. Azərbaycan cəmiyyəti mübahisələrin alternativ həlli ilə bağlı böyük bir dəyişikliyin astanasındadır. Bu dəyişikliyin cəmiyyət tərəfindən düzgün qarşılanması üçün çox böyük zəhmət tələb edən təşkilati və eləcə də təbliğat işi aparılmalıdır.
Ölkə Prezidentinin bununla bağlı qəbul etdiyi qərarlar təxirə salınmadan və müvəffəqiyyətlə icra olunur. Bu, əsasən mediasiyanın tətbiqi ilə bağlı təşkilati məsələlərə aiddir. O cümlədən, mediasiya prosesinin təşkili üçün zəruri olan qanunvericilik bazasının, Mediasiya Şurasının və Mediatorların təlim qurumunun yaradılması, mediatorların seçilməsi, mediatorların peşəkar etik davranış qaydaları, onların fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların qəbulu, mediasiya prosesi zamanı qəbul ediləcək qərarların formalarının hazırlanması və digər işlər çox böyük zəhmət və gərgin əmək tələb edir. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Ədliyyə Akademiyasında tanınmış xarici mediatorların və yerli mütəxəssislərin iştirakı ilə gələcək mediatorlara təlim keçməsi üçün yerli təlimçilərin hazırlanması prosesi gedir. Tezliklə mediatorların hazırlanması üçün təlimlərə başlanacaqdır. Dövlətin çiyinlərinə götürdüyü böyük bir işin yeganə məqsədi ondan ibarətdir ki, mübahisələr maksimum tərəflərin qarşılıqlı razılığı ilə onların mənafeyinə uyğun olaraq birdəfəlik həll olunsun, məhkəmələrin iş yükü azalsın və nəticə etibarı ilə ədalət mühakiməsinin keyfiyyəti yüksəlsin.

Mediasiya prosesinin cəmiyyətin həyatına müvəffəqiyyətlə sirayət etməsi, mediasiyanın cəmiyyət həyatının bir hissəsi olması üçün bu prosesin mahiyyəti ilə bağlı insanlar daha çox bilgi əldə etməlidirlər. Çünki bu proseslərin müvəffəqiyyəti insan faktorundan, bu sahədə onların məlumatlı olmasından çox asılıdır. Beləki, mediasiya mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışığa əsaslanır. Ona görə insanlar bu prosesin mahiyyətini dərk etməli və onların tətbiqinə qarşılıqlı çalışmalıdırlar.
Mediasiyanın mahiyyəti ilə bağlı bilgilərin insanlara çatdırılmasında daha çox yük hüquqşünasların, kütləvi informasiya vasitələrinin üzərinə düşür. Onlar mediasiyanın mübahisələrin həllində mütərəqqi bir yol olduğunu insanlara izah etməli, onları bu yola yönəltməlidirlər. Bu ilin iyulun 01-də nə baş verəcəyini dərk edərək, bacardığımız qədər mediasiyanın mahiyyəti ilə bağlı insanlara aydınlıq gətirməyə çalışmalıyıq. İlk növbədə qeyd edilməlidir ki, həmin tarixdə çoxsaylı işlər özünün mediasiya həllini gözləyəcək. Ona görə biz bu prosesə hazır olmalıyıq.
Mediasiya - tərəflər arasındakı mübahisənin mediatorun köməyi ilə könüllü olaraq həlli ilə bağlı qurulmuş bir prosesdir. İnsanlar bu prosesdə iki yolla iştirak edəcəklər. 1-ci yol ondan ibarətdir ki, müəyyən kateqoriya işlər üzrə mübahisə edənlər mütləq mediasiyadan (məcburi, icbari mediasiya) keçməlidirlər. Mediasiya prosesindən keçməsələr onların ərizələri məhkəmələr tərəfindən baxılmağa qəbul edilməyəcək. 2-ci yol, tərəflər özləri əvvəlcədən mübahisəyə mediasiyada baxılması barədə razılığa gəlmiş olsunlar.

Hansı hallarda mübahisə edən vətəndaşlar və hüquqi şəxslər mütləq (icbari) mediasiya prosesindən keçməlidirlər?

Mediasiya haqqında Qanunun 28.1. maddəsinə əsasən iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

Qeyd olunan normada iqtisadi mübahisələr dedikdə hüquqi və fiziki şəxslərin iştirak etdiyi bütün iqtisadi mübahisələr başa düşülür. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri (nikahın pozulması), valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və ailə münasibətlərindən irəli gələn digər mübahisələr başa düşülür. Eyni zamanda əmək münasibətlərindən irəli gələn mübahisələr dedikdə həm fərdi əmək mübahisələri və həm də kollektiv əmək mübahisələrinin ilkin olaraq mediasiya prosesindən keçməsi ehtiva olunur.

Mediasiya prosesində baxılacaq işlərin siyahısı yuxarıda qeyd olunanlarla yekunlaşmır. Mediasiya haqqında Qanunun 3.1.1. maddəsinə əsasən istənilən mülki iş və iqtisadi mübahisə (xarici elementli mübahisələr də daxil olmaqla), ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə mediasiya prosesində baxıla bilər. Konkret işə mediasiyada baxılması üçün mübahisə tərəfləri könüllü olaraq müqavilə bağlamalıdırlar. Belə razılaşma əvvəlcədən və yaxud işə məhkəmədə baxılarkən də bağlana bilər. Məhkəmə gedişi zamanı tərəflər mübahisəni barışıqla yekunlaşdırmağın mümkün olduğunu müəyyən etdikdə mübahisənin mediasiyaya keçirilməsi barədə müqavilə bağlaya bilərlər və bu zaman məhkəmə işə mediasiyada baxılan müddət ərzində iş üzrə icraatı dayandırmalıdır. Məhkəmədə işə baxan hakim işin mediasiyaya verilməsinə hər bir halda tərəfləri təşviq etməli, həvəsləndirməlidir. Çünki mübahisə edən tərəflər üçün məcburetmə barədə bir qərarın qəbul edilməsi əvəzinə, həmin mübahisə ilə bağlı tərəflərin razılığa gələrək özlərinin qərar verməsi ilk növbədə mübahisəni kökündən həll edir, hər bir tərəfin qəbul edilmiş qərardan məmnunluğunu təmin edir.
Nəyə görə mübahisəyə məhkəmədə yox, məhz mediasiyada baxılmalıdır və bunun üstünlükləri nədədir?
İlk növbədə qeyd olunmalıdır ki, mübahisənin mediasiyada həlli mübahisə edən tərəflərin mənafeyinə hesablanmışdır. Mübahisənin belə həlli daha ucuz başa gəlir. Artıq işlənib hazırlanmış normativ aktlara əsasən mediasiya prosesi üçün ödəniləcək dövlət rüsumu məhkəmə xərclərindən az olacaq. Müvəffəqiyyətli mediasiya prosesinin nəticələri ilə bağlı ödənişləri isə tərəflərin özləri mediatorla bağlanmış könüllü müqavilə ilə müəyyən edəcəklər. Təsadüfi deyil ki, əslində mübahisələrin mediasiyada həlli prosesi yarandığı ilk tarixdə "kasıbların məhkəməsi" kimi tanınmışdır. Çünki ona çəkilən məsrəflər məhkəmə məsrəflərindən az olması ilə fərqlənirdi. Lakin vaxt ötdükcə təcrübə sübut etdi ki, mübahisələrin bu qaydada həlli daha mütərəqqi və səmərəlidir.
Bundan başqa, mediasiya prosesində işlərə daha tez baxılaraq qərar qəbul olunur və tərəflərin əldə etdiyi barışıq sazişi dərhal tərəflər üçün məcburi xarakter alır. Lakin, məhkəmə mübahisələri uzun müddət vaxt aparır, bəzən illərlə insanlar məhkəmə qarşısında (məhkəmə çəkişmələrinə cəlb olunurlar) dayanırlar. Qanunvericilik işlərə məhkəmələrdə baxılması müddətlərini konkret olaraq nizama salmışdır. Yalnız qanunla müəyyən edilmiş müddətlər nəzərə alınarsa bir işə məhkəmədə baxılması, orta hesabla təxminən bir il müddət vaxt alır. Lakin hər bir işin xüsusiyyəti nəzərə alınaraq, əlavə ekspertizalar və yaxud digər hərəkətlər edilməsi zərurəti yarananda müddətlərin daha çox uzanması istisna edilmir. Bu müddət hər bir insanın həyatından alınan vaxtdır, hansı ki, həmin vaxtı insanlar daha maraqlı işlərə sərf edə bilərlər. İnsanların məhkəmə qarşısında dayanmasının psixoloji əzabı isə hamıya bəlli olan faktdır. Amma, Mediasiya haqqında Qanuna əsasən mediasiya prosesi 30 gün ərzində (Qanunun 24.7. maddəsi) başa çatmalıdır. Bu prosesdə tərəflər sərbəstdirlər, barələrində məcburi qərar qəbul edilməsinin psixoloji təsirindən kənardırlar, qərarı onlar qəbul edirlər və onlara kömək edən bir peşəkar var-mediator.

Mediasiyanın məhkəmədən daha bir fərqi bu prosesdə qəbul edilən qərarların xarakterindədir. Məhkəmə Azərbaycan dövlətinin adından tərəflər üçün məcburi olan bir qərar qəbul edir. Həmin qərarla mübahisə həll edilsə də, bir tərəfin narazı qalması istisna deyil. Lakin mediasiya prosesində mübahisə ilə bağlı qərarı tərəflər özləri qəbul edirlər. Prosesi aparan mediator qərar qəbul etməkdə tərəflərə ancaq köməklik edir. Mediator hər-hansı qərarın qəbul edilməsini tərəflərə göstəriş verə bilməz. Çünki mediasiya könüllü bir prosesdir. Tərəflər istənilən an mediasiyanı tərk edə bilərlər. Eyni zamanda məhkəmədən fərqli olaraq bu prosesdə mediatoru tərəflər özləri seçirlər. Tərəflər onların işlərinə istənilən mediatorun baxması ilə bağlı razılığa gələ bilərlər. Əgər mediatorun peşəkarlığı tərəflərdən hər-hansı birini qane etməzsə, və yaxud mediatorun qərəzsizliyinə şübhə yaranarsa hər hansı bir tərəf ondan imtina edə bilər, mediasiya sessiyasını tərk edə bilər. Çünki mediatorun fəaliyyəti tərəflərin etimadı əsasında həyata keçirilir. Mübahisə edən tərəflər mediatora inanmalı, etibar etməli, lazım gələndə problemlərini onunla böluşməli, sirlərini ona açmalıdırlar. Medasiya prosesində mediatorun tərəflərə daha yaxın olaraq etimad qazanması əsas şərtlərdən biridir. Mediator məhz həmin vasitələrdən istifadə etməklə tərəfləri barışığa gətirməlidir.
Nəzərə almaq lazımdır ki, mediasiya prosesində tərəflərin mediatora etimad göstərərək hər-hansı məlumatı verməsinin heç bir təhlükəsi yoxdur. Çünki əvvəla, mediasiya prosesi qapalı aparılır. Bundan başqa, mediasiya prosesində səsləndirilən bütün fikirlər, məlumatlar məxfi saxlanılır. Həm tərəflər, həm də mediator həmin məlumatların məxfiliyinə, onların yayılmamasına görə məsuliyyət daşıyır, digər proseslərdə onlardan istifadə edə bilməzlər. Bu qaydalara riayət edilməməsi məsuliyyətə səbəb ola bilər. Qanunun qeyd olunan müddəaları ona xidmət edir ki, insanlar mediasiya prosesinə, mediatora etimad göstərsinlər, əmin olsunlar ki, mediasiya baş tutmayacağı, tərəflər barışığa gəlməyəcəyi təqdirdə mediasiya prosesində səsləndirilən məlumatlar sonradan məhkəmə çəkişməsi zamanı onu səsləndirənin, məlumatı verənin ziyanına həll edilməyəcək. Mediasiya haqqında Qanunun 8.3. maddəsində qeyd olunur ki, mediasiya iştirakçılarının və mediasiyada iştirak edən digər şəxslərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı həmin şəxslər şahid qismində iştirak edə bilməzlər.
Milli qanunvericilikdə müəyyən kateqoriya işlər üzrə məcburi mediasiyanın tətbiqinin çox böyük üstünlükləri var. Çünki bu qanun mübahisə edən tərəfləri məhkəməyədək bir masa ətrafında əyləşməyə sövq edir. İcbari mediasiya sessiyasında iştirak etməkdən yayınma qanunla məsuliyyətə səbəb olur. Qanunun güddüyü məqsəd ondan ibarətdir ki, tərəflərin münasibətlərinin sonadək pozulmadığı, münasibətlərin daha aqressiv olmadığı, bütün körpülərin yandırılmadığı bir məqamda tərəflər bir-birini dinləsinlər. Bir çox hallarda insanların mübahisə tərəfi ilə danışmağa ehtiyacı var. Bundan sonra onların ürəyindəki ədavət və kindən əsər-əlamət qalmır. Ürəklərini boşlatmaq, dinlənilmək fürsəti onların alovlanan qəzəbinə su çiləmiş olur. Təsadüfi deyil ki, çox vaxt insanın ürəyində yığılıb qalmışları boşlatması, sadəcə dinlənilməsi onu böyük mübahisələrdən çəkindirir, insan əvvəlki fikirlərinə qayıtmaq, mübahisəni davam etdirmək fikrindən vaz keçir.

Qaradağ rayon məhkəməsinin hakimi işlədiyim dövrdə baş verən bir prosesi xatırlamaq istəyirəm. Nikahın pozulması və digər tələblərlə bağlı iddia ərizəsi daxil olmuşdu. Ərizəçi qadın ağrılı ürək yanğısı ilə düşdüyü acınacaqlı həyat şəraitinin həmin müraciətin yazılmasına təkan verdiyini təsvir edirdi. Adi müşahidə ilə aydın olurdu ki, qadının yazdıqlarının əksəriyyəti həqiqət idi və mübahisə xanımın ailə qurduqdan sonra fərqli dünyagörüşü olan ailəyə düşməsi ilə bağlı olmuşdur. Qadın sanki məhkəmənin vasitəsilə öz ailəsinə deyə bilmədiklərini bu prosesdə çatdırmaq istəyirdi, danışmaq istəyirdi. Məhkəmənin hazırlıq iclasında qadına danışmaq üçün şərait yaradanda, o, danışdı, danışdı, ağladı, ağladı, sakitləşdi, sonda məhkəmə iclas zalında olanlardan, ərindən, qayınanasından üzr istəyərək iddia ərizəsini geri götürdü və ailəsi ilə birlikdə məhkəməni tərk etdi. Özü də bunu məcburən etmədi, o ailəsinə bağlı idi və onun qorunmasını arzulayırdı. İddiaçı qadına lazım idi ki, sevdiyi, hörmət etdiyi, birgə yaşadığı adamlar ona qulaq assın və başa düşməyə çalışsın. Çox vaxt mübahisə edən tərəflərin bir masa ətrafında oturaraq bir-birini dinləməsi mübahisəni həll etmiş olur. Əgər bu masanın ətrafında hər iki tərəfin arasında dayanan və danışığa kömək edən bir peşəkar olacaqsa (mediator), belə görüşün barışıqla bitməsi imkanı daha çox olacaq.
Tərəflərin danışıqlarının barışıqla bitməsində mediatorların peşəkarlığının müstəsna rolu olacaq. Mediasiya haqqında Qanunun tələblərinə əsasən ali təhsilli, 25 yaşı tamam olan və ən azı üç il iş stajı olan şəxslər Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediator fəaliyyəti ilə məşğul ola bilər. Göründüyü kimi qanunvericilik mediatorların istənilən peşədən olan şəxslər sırasından seçilməsinə icazə verir. Mediator insanlarla yüksək danışıq aparmaq qabiliyyəti olan, insanların mənəvi psixoloji vəziyyətini, yaşam tərzini başa düşən, milli-adət ənənələri yaxşı bilən, təcrübəli, peşəkar şəxslərdən seçilməlidir. Çünki mübahisə ilə bağlı tərəfləri barışığa gətirmək üçün mediatorun istifadə etdiyi vasitələr həmin bacarıqlardan irəli gələcək. Mediatorun mediasiya prosesində hər iki tərəflə birgə və ya ayrı-ayrılıqda görüşlər keçirmək, əməkdaşlıq etmək, onlara şifahi və yazılı tövsiyələr vermək, konfidensiallıq prinsipini gözləməklə ictimaiyyəti öz fəaliyyəti haqqında məlumatlandırmaq hüquqları var. Peşəkar mediator bu hüquqlardan elə istifadə etməlidir ki, mübahisə tərəflərinin hər biri onu mübahisəni həll etməkdə özünün köməkçisi olduğunu zənn etsin.
İnsanları ən çox maraqlandıran məsələlərdən biri də, prosesin (mediasiya prorsesinin) özünün necə başlanması və yekunlaşması prosedurudur.
Yuxarıda qeyd olunduğu kimi mediasiyanın iki cür tətbiqi əsasları var. Tərəflərin öz təşəbbüsü ilə, müqavilə bağlamaq yolu ilə və Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq müəyyən kateqoriya işlər üzrə icbari mediasiya sesiyasında iştirak etməklə.
İstənilən mülki, ailə, əmək və inzibati işə mediasiyada baxılması üçün tərəflər əvvəlcədən, mübahisə başlamamışdan əvvəl, mübahisə başlayanda, işə məhkəmədə baxılanda razılığa gələ bilərlər ki, həmin mübahisəyə mediasiyada baxılsın. Bu halda tərəflər işin mediasiyaya verilməsi barədə müqavilə bağlayacaqlar. Mediasiya institutu ölkəmizdə bir yenilik olduğu üçün ilkin vaxtlarda tərəflərin öz təşəbbüsü ilə işlərin mediasiyaya verilməsi hallarının azlıq təşkil etməsi istisna deyil. Bu sahədə uğurlar mediasiya prosesinin sonrakı müvəffəqiyyətindən asılı olacaq. İlkin olaraq iqtisadi, ailə və əmək mübahisələrinə məcburi olaraq mediasiya sessiyalarında (iclaslarında) baxılacaq. Yəni, qeyd olunan işlər üzrə müraciətlər artıq məhkəmələrə deyil, mediasiyaya veriləcəkdir. Həmin işlər üzrə tərəflərin ilkin mediasiya sessiyasında (iclasda) iştirak etdiyi andan Mediasiya prosesi başlanmış sayılır.

Tərəflərə ilk mediasiya sessiyası (iclası) barədə məlumat verilir və onlar mediasiya prosesində bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak edə bilər, vəkillərin, tərcüməçilərin, müvafiq sahədə ekspert və mütəxəssislərin köməyindən istifadə edə bilərlər. Tərəflərin razılaşması ilə onlara qərar qəbul etməyə kömək edə biləcək digər şəxslər də mediasiya prosesində iştirak edə bilər. Tərəflər öz mövqelərinə və mübahisənin həlli şərtlərinə dair təkliflərini yazılı və ya şifahi şəkildə bildirirlər. Mediasiya prosesində tərəflər mübahisənin həlli şərtlərinə dair razılığa gələ bilərlər. Mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər.
Mediasiyanın uğurlu nəticəsi olaraq tərəflər arasında barışıq sazişi bağlanır. Barışıq sazişi ilə tərəflər mübahisənin həlli ilə bağlı müəyyən şərtlər əsasında razılığa gəlirlər və sazişin şərtlərini özləri müəyyənləşdirirlər. Barışıq sazişi imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər başqa müddət müəyyən etməsələr saziş imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur.
Mediasiya prosesi barışıq sazişinin bağlanması ilə nəticələnmədiyi halda mediator mediasiyaya xitam verir və bu barədə tərtib edilmiş müvafiq sənədi tərəflərə təqdim edir. Məhz bundan sonra tərəflər həmin sənədi əlavə etməklə ümumi qaydada məhkəməyə müraciət edə bilərlər.
Sonda qeyd olunmalıdır ki, uzun sürən məhkəmə çəkişmələri nəticəsində əldə ediləcək maraq (istər maddi və istərsə də mənəvi), müəyyən güzəştlərlə barışıq sazişi ilə əldə ediləcək nəticədən qiymətli və dəyərli deyil. Biz güzəşt etməklə ürəyimizdəki ədavət və kini atmış oluruq, özümüzü uzun sürən emusional-psixoloji vəziyyətdən xilas edirik, sağlamlığımızı qoruyur, həyatımızı uzadırıq. Ona görə bir-birimizə güzəşt etməyi, bağışlamağı, barışmağı özündə ehtiva edən mediasiyaya hazır olaq.
Bakı Apelyasiya Məhkəməsinin hakimi İsmayıl Xəlilov

 

Mənbə: afn.az