“İşğaldakı torpaqlarımızın azad edilməsi məsuliyyəti, ordumuz qədər də mediamızın üzərindədir”

“İşğaldakı torpaqlarımızın azad edilməsi məsuliyyəti, ordumuz qədər də mediamızın üzərindədir”

Qarşıdan Xocalı və Mart soyqırımlarının növbəti ildönümləri gəlir.

Maraqlıdır, Azərbaycan tarixinin ən ağır faciələrindən olan bu soyqırımlarının dünyada tanıdılması, erməni vəhşiliyinin beynəlxalq aləmdə ifşa edilməsi baxımından Azərbaycan mətbuatı bu günə qədər üzərinə düşən işi lazımınca yerinə yetirə bilibmi? Ümumiyyətlə, bu məsələdə media olaraq görüləcək işlər nədən ibarətdir?

Eurasia Diary xəbər verir ki, Moderator-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, bu istiqamətdə xeyli iş görüldüyünü vurğulasa da, qarşıda görülməsi gərəkən işlərin hələ çox olduğunu vurğuladı:

“Bu, elə bir məsələdir ki, desəm ki, mediamız bu istiqamətdə edə biləcəyi hər şeyi edib, bu, doğru olmaz. Desəm ki, az iş görüb, bu da qeyri-obyektivlik olar. Ortada görülmüş çoxlu işlər var. Lakin bizim faciələrimizin miqyası o qədər böyükdür ki, biz bu faciələri dünyaya tanıtmaq üçün gecə-gündüz çalışmalıyıq. Bunun üçün bütün imkan və əlaqələrdən istifadə olunmalıdır. Beynəlxalq media qurumları ilə əlaqələrimizi daha da genişləndirməli, əcnəbi dildə yazan jurnalistlərimizin sayının çoxalmasına çalışmalıyıq.

Unutmaq olmaz ki, medianın gücü ordunun gücündən heç də az deyil. Işğal edilmiş torpaqlarımızın azadlığı missiyası nə qədər ordumuzun üzərinə düşübsə, bir o qədər də mətbuatımızın üzərinə düşüb. Media bu istiqamətdə yalnız Xocalı soyqırımı, Mart qırğınları və ya digər faciələrin ildönümündə deyil, hər gün işləməlidir. Mövcud reallıq bizdən, mediamızdan məhz bunu tələb edir”.

Mənbə: ednews.net