Litvanın Səhiyyə naziri: koronavirus səbəbindən Avropa İttifaqında dərman tədarükü pozula bilər

Litvanın Səhiyyə naziri: koronavirus səbəbindən Avropa İttifaqında dərman tədarükü pozula bilər

Yeni koronavirus (COVID-19) səbəbindən komponentləri Çində istehsal olunan dərmanların tədarükündə fasilələrin yaranması təhlükəsi var.

AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə naziri Aureliyus Veriqa məlumat verib.

O, Brüsseldə virusun yayılmasına nəzarət mövzusunda konsultasiyaların aparıldığı Avropa İttifaqının (Aİ) Nazirlər Şurasının iclasında iştirak edib.

“Ölkələr dərmanların tərkib hissələrinin Çində istehsal olunmasından narahatlıqlarını ifadə etdilər və Avropa Komissiyasını tədarükün pozulmasını dəyərləndirməyə və bunun qarşısını almaq üçün tədbirlər görməyə çağırdılar”, – deyə nazir BNS agentliyinə verdiyi açıqlamasında söyləyib.

BNS-in verdiyi məlumata əsasən, Aİ-yə üzv ölkələr koronavirusla mübarizəyə əczaçılıq sənayesinin mümkün qədər çox mütəxəssislərini cəlb etməyin, bazardakı məhsulların təhlilini daim həyata keçirməyin Aİ üçün olduqca vacib olması barədə razılığa gəliblər.

Nazir bütün üzv ölkələrin koronavirusun yayılması ilə bağlı yaranmış vəziyyətə nəzarət etməyə yaxşı hazırlaşdıqlarını da qeyd edib.

Şurada, həmçinin yayılan məlumatların sübutlara əsaslandırılması, eyni zamanda əsassız panikanı azaltmaq məqsədilə yalan xəbərlərə nəzarət etməyin vacibliyi də vurğulanıb.

Bundan əlavə, üzv ölkələr daha az inkişaf etmiş üçüncü ölkələrin sakinlərinə yardım göstərmək məqsədilə maliyyələşdirməni artırmağın vacibliyi barədə qərar qəbul ediblər.

Litva Milli İctimai Səhiyyə Mərkəzindən verilən məlumata görə, Litva COVID-19 virusunun yayılma təhlükəsi az olan ölkələr sırasında yer alır. Sakinlərə əllərini yaxşıca yumaq, əl və üz kontaktından uzaqlaşmaq, öskürmə və asqırma zamanı etiket qaydalarına riayət etmək tövsiyə olunur.

Yanvarın 27-dən bu günə kimi 32 nəfər koronavirus şübhəsi ilə Litva xəstəxanalarına müraciət edib. Onlardan beşi bu xəstəliyə görə analiz verib, dörd nəfərin nəticəsi mənfi olub, bir nəfərin nəticəsi isə hələ məlum deyil.

 

Mənbə: azertag.az