11 azərbaycanlı namizəd 1 namizəd ətrafında birləşdi

11 azərbaycanlı namizəd 1 namizəd ətrafında birləşdi

Fevralın 21-i İranda keçiriləcək parlament seçkilərinə Sulduz şəhərindən namizəd olan azərbaycanlıların sayının 12-yə çatması şəhər ziyalıları arasında narahatlıq doğurub.

Bu sözləri Axar.az-a açıqlamasında milli-mədəni fəal Nadir Sulduzlu deyib. O bildirib ki, namizədlərin sayı çox olarsa, azərbaycanlılar seçkidə lazımi səsi toplamaya bilər:

“Hər kəs anlayırdı ki, 10-11 namizəd olarsa, azərbaycanlı namizəd məclisə getmək üçün yetərli sayda səs toplaya bilməyəcək, səslər bölünəcək. Bu səbəbdən Sulduzun ağsaqqalları və ziyalıları birlik yaradaraq toplantılar keçirdilər. Toplantılar çərçivəsində namizədlərlə danışıqlar aparıldı. Nəhayət, birliyin sonuncu iclasında namizədlər aralarından birinin namizədliyini irəli sürməyə, digərlərinin isə geri çəkilməsinə qərar verdilər. Qərara əsasən, Əli Zəncaninin namizədliyi irəli sürüldü”.

Fəal vurğulayıb ki, şəhərin qeyri-azərbaycanlı əhalisi arasında birlik var:

“Onların önündə durmaq, Məclisə azərbaycanlı namizədimizi göndərmək üçün bu birliyin yaradılması mütləq idi. Səbəb isə kürd namizədin 8 il boyunca məclisdə Sulduzu kürdləşdirməyə çalışmasıdır. Buna görə istəyirik ki, azərbaycanlı (türk) namizədimizi qalib edək və bu şəxs vasitəsilə Sulduzun Azərbaycan türklərinin olduğunu hər kəsə çatdıraq. İran məclisində 290 nəfər nümayəndədən yalnız biri Sulduzu təmsil edir. Sulduz deyərkən burada Sulduz-Üçnəviyə-Mohəmmədyar-Nalos adlanan 4 məntəqədən söhbət gedir”.

O bildirib ki, Sulduzda 1980-ci ildə Azərbaycan türklərilə kürdlər arasında qarşıdurmaya görə bu seçkilər bölgə üçün siyasi missiyaya çevrilib:

“Sulduzda 1980-ci ildə türklərlə kürdlər arasında qarşıdurma baş verdi. O vaxtdan bəri türklərlə kürdlər arasında bu dava davam edir. Bu səbəbdən də sözügedən seçkilər çox mühüm əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, fevralın 21-də İranda parlament seçkiləri keçiriləcək.

Mənbə: axar.az