Rus KİV-i Rəsulzadəyə görə Paşinyanı ələ saldı

Rus KİV-i Rəsulzadəyə görə Paşinyanı ələ saldı

Alman tarixçilər Rəsulzadənin faşistlərlə əməkdaşlığa razılıq vermədiyini ortaya çıxarıblar

Rusiyanın “Vestnik Kavkaza” portalı Münhen Təhlükəsizlik Konfransında heç bir dəxli olmadan Məmmədəmin Rəsulzadəni “faşist” deyə təhqir etməsinə görə Ermənistan baş naziri Paşinyanı sərt tənqid edib.

İstiPress-in məlumatına görə, məqalənin girişində Paşinyanın zamanında populist jurnalist olduğu xatırladılır və baş nazir olduqdan sonra da biliklərinin dayaz qaldığı vurğulanır.

Məqalədə bildirilir ki, alman tarixçi Matkas Volfun niyə Ermənistanda Njde kimi bir faşistə qəhrəman kimi heykəl qoyulması barədə verdiyi suala Ermənistan baş naziri cavab vermədən, Bakıda heykəli olan və adına küçəyə verilən Rəsulzadənin də faşist olduğunu iddia edib.

Nikol Paşinyan

Məqalə müəllifi Andrey Uqlanov keçmiş jurnalist Nikol Paşinyana məsləhət görür ki, SSRİ-nin, ABŞ-ın, Böyük Britanyanın, Fransanın, Almaniyanın, Türkiyənin və Polşanın faşistlərlə bağlı arxivləri açıldıqdan sonra bu cür əsilsiz iddiaları səsləndirməyə dəyməz.

Uqlanovun yazdığına görə, yalnız Azərbaycan tarixçiləri deyil, bu məsələni alman tarixçiləri də ciddi araşıdırıblar və Rəsulzadənin faşistlərlə əməkdaşlığa razılıq vermədiyini ortaya çıxarıblar. Əslində faşistilər 1942-ci ildə Qafqaz mühacirətinin bəzi nüfuzlu nümayəndələrini danışıqlar üçün Berlinə toplayıblar. Məqsəd siyasi mühacirlərin arasnıda nasist ideyalarının yaradılması olub. Arxiv sənədlərini ətraflı araşdıran alman tarixçisi Patrik fon tsur Mülen müəyən edib ki, nasistlər Gürcüstan və Ermənistan milli komissiyalarını yaratsalar da, Rəsulzadənin adı ilə bağlı istəkləri kağız üzərində qalıb.

Daha sonra Berlin Rəsulzadəni əməkdaşlığa çəkmək üçün dəfələrlə cəhdlər edib, lakin bu cəhdlər nəticəsiz qalıb. Müəllif bunu Rəsulzadənin faşist Almaniyası barədə dedikləri ilə izah edib: "(Almaniya) çox sayda xalqın müstəqil və azad dövlət həyatını əlindən alaraq dövlət müstəqilliyinə son qoyduğuna görə, heç vaxt Azərbaycana müstəqillik verməz."

“Vestnik Kavkaza”nın məqaləsində yekun olaraq qeyd edilir: “Rəsulzadə Ncdedən fərqli olaraq, Hitlerlə əməkdaşlığa getmədi, halbuki, o da sovet rəhbərliyinin mövqelərini bölüşmürdü; onun ayağına bu cür əlaqələri yazmaq, özü də Üçüncü Reyx vaxtlarında nasist birləşməsinə komandirlik etdiyini iddia etmək hətta jurnalist üçün qeyri-peşəkarlıqdır, baş nazir üçünsə ümumiyyətlə yolverilməzdir”,- deyə məqalədə vurğulanır.

Qaregin Njde faşist kimi sovet həbsxanasında ölüb

Qeyd edək ki, ermənilərin qəhrəmanlaşdırdığı Qaregin Njde 1940-jı ildə Vermaxtın tərkibində erməni silahlı birləşmələrinin yaradılmasında iştirak edib. 1942-ji ildə Berlində nasist hərbi administrasiyasının tərkibində yaradılmış Erməni Milli Şurasının 7 üzvündən biri olub. Qaregin Njde və Dronun yaratdığı erməni legionu faşist ordusunun tərkibində Şimali Qafqazda sovet qoşunlarına qarşı döyüşüb. Daha sonra onlar Qərb cəbhəsində müttəfiqlərə qarşı döyüşlərdə iştirak ediblər. Njde hətta sovet ordusunda xidmət edən 30-a yaxın ermənini faşistlərin xeyrinə agent kimi cəlb edib. Butün bu fəaliyyətinə görə sovet qoşunları tərəfindən tutulub və sovet həbsxanasında ölüb.

Mənbə: istipress.com