“Sədr protokolu vermir, komissiyaya hüquqşünas cəlb etməyib” - Deputatlığa namizəd

“Sədr protokolu vermir, komissiyaya hüquqşünas cəlb etməyib” - Deputatlığa namizəd

“67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən deputatlığa namizəd olmuş şəxslər hələ də seçki məntəqələrindən protokolları ala bilmir.

Bu barədə Bizimyol.info-ya 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən deputatlığa keçmiş namizəd Şahin Bağırov bildirib.

O, deyib ki, seçki günündən ən geci 3 gün ərzində seçkinin nəticələri məntəqə önündəki lövhələrə asılmalıdır: “Lakin seçki günündən 10 gün keçməsinə baxmayaraq dairədən hələ də namizəd olmuş şəxslər protokolları ala bilmir”.

Deputatlığa keçmiş namizəd deyib ki, bu dairədə baş verən qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib: “Bu dairənin deputatlığa namizəd olmuş 8 şəxsi MSK-ya etdiyi müraciəti Dairə Seçki Komissiyasına göndərdilər. Dairə Seçki Komissiyası da araşdırma aparmaq əvəzinə, bizim şikayət ərizəsində göstərdiyimiz faktlara cavab hazırlayıb. Öz cinayətlərinə bəraətverici qətnamə verib yola saldılar. Biz də yenidən MSK-ya müraciət edəcəyik”.

Ş.Bağırovun sözlərinə görə, 67 saylı Cəlilabad şəhər Seçki Dairəsində komissiyaya hüquqşünas cəlb olunmayıb: “Bu dairədə hüquqi dildə danışmağa bir canlı tapa bilmədik. Bu qədər hüquqşünaslar işsiz olduqları halda, onların "tələblərinə cavab verənləri" yoxdur. Dairə Seçki Komissiyasının (DSK) sədri Mirsayıb Sultanov şikayət ərizəsi verən deputatlığa namizədləri Seçki Məcəlləsinin tələbləri çərçivəsində deyil, cəddinə and verərək “yola salır”.

Mənbə: www.bizimyol.info