"İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır"-RƏY

"İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır"-RƏY

Prezident İlham Əliyev fevralın 20-də İtaliyaya səfər etdi. Prezident İlham Əliyev Romada İtaliyanın prezidenti Sercio Mattarella və baş nazir Cüzeppe Konte ilə görüşdü. Eyni zamanda İtaliya prezidenti də iki il əvvəl Bakıya səfər etmişdi. İlham Əliyevin İtaliyaya səfəri hər iki ölkə üçün əhəmiyyətlidir.
Bu sözləri politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlamasında deyib. O, bildirib ki, İtaliya Avropa ölkələri arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır:

"İki ölkə arasında ticarət dövriyyəsi 2019-cu ildə 6 milyard dollar olub. Həmçinin İtaliya Azərbaycan neftinin əsas alıcılarındandır və Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. Bundan sonra əsas məqsəd iki ölkə arasında ticarət əlaqələrini şaxələndirməkdir.

Eyni zamanda, TAP layihəsi bu il tamamlanacaq. Azərbaycan bu boru xətti ilə İtaliyaya qaz da satacaq. Bu, İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına kömək edəcək.

İtaliya Avropa İttifaqının Azərbaycanla inteqrasiyasına dəstək verir. İtaliya Azərbaycanı, həmçinin Avro-Atlantik Tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür. İki ölkə arasında mövcud olan sazişə görə, İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəa var. İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Roma Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların nəticə verəcəyinə inanır.
Onu da qeyd edim ki, 2020-ci il İtaliyada "Azərbaycan ili" elan olunub. Bu iki ölkə arasında humanitar əlaqələrin inkişafına da təkan verəcək. Hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır".

Fəridə Ağazadə

 

 

Mənbə: sonxeber.az