İtaliyada Azərbaycan günləri - ermənilərin mənimsəmək istədikləri mədəni irs nümunələrimizi dünyaya təqdim etmək üçün fürsət…

İtaliyada Azərbaycan günləri - ermənilərin mənimsəmək istədikləri mədəni irs nümunələrimizi dünyaya təqdim etmək üçün fürsət…

Fəridə Mirişova: “Azərbaycan İli” çərçivəsində ermənilər tərəfindən oğurlanan maddi və qeyri-maddi irs nümunələrimizin sərgilərinin, təqdimatlarının keçirilməsi, onların tarixinin geniş təbliğ olunması həm italiyalılar, həm də onun qonaqları üçün ermənilərin iç üzünün açılması baxımından yeni informasiyalar verər”

2020-ci ilin İtaliyada “Azərbaycan İli” elan olunması doğrudan da əlamətdar bir hadisədir. Azərbaycan mədəniyyətinin, humanitar-kultroloji düşüncəsinin, sərvətlərinin, xalqımıza məxsus maddi və qeyri-maddi mədəni irsin dünyanın ən böyük mədəniyyət mərkəzlərindən biri olan İtaliyada təbliği olduqca mühümdür. 2020-ci ilin İtaliyada “Azərbaycan İli” elan edilməsi bu baxımdan qarşımızda çoxlu yollar, istiqamətlər açır.

Onu da vurğulayaq ki, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella fevralın 20-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə birgə mətbuata bəyanatlarla çıxış edib. "Mən artıq cənab Prezidentə bu barədə bildirdim ki, 2020-ci il İtaliyada “Azərbaycan İli” elan olunub. Bu, bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək. Bundan başqa, biz, həmçinin Dağlıq Qarabağla bağlı müəyyən bir sabit nəticənin əldə olunması haqqında danışdıq. Biz bu məsələyə İtaliya tərəfindən hər zaman dəstək olduğumuzu bildiririk. Biz ümid edirik ki, bu məsələ üzrə siyasi danışıqlar sayəsində qısa bir zamanda müəyyən nəticələr əldə olunacaq" deyə İtaliya Prezidenti qeyd edib.

“Azərbaycan İli” çərçivəsində İtaliyada Azərbaycan mədəniyyətinin tanıdılması üçün silsilə tədbirlərin keçiriləcəyi, sərgilərin təşkil ediləcəyi, habelə ədəbiyyat, musiqi, kino həftələrinin baş tutacağı məlumdur. Bunlar öz yerində. Bizi əsas məşğul edən məsələ bir başqadır. Bilirik ki, ermənilər Azərbaycana aid maddi və qeyri-maddi irs nümunələri mənimsəyərək öz adlarına təqdim edirlər. Ermənilərin mənimsədiyi Azərbaycana məxsus maddi və qeyri-maddi irs nümunələrinin dünyada təbliği baxımından “Azərbaycan İli” çox böyük əhəmiyyət daşıyır. Ermənilərin həm işğal altında saxladıqları Dağlıq Qarabağ və ətraf rayonlardan yağmaladığı, Qərbi Azərbaycandan soydaşlarımızı deportasiya etdikdən sonra onlardan oğurladığı maddi-mədəni irs nümunələrini, eləcə də digər vasitələrlə ələ keçirdikləri mədəni sərvətlərimizi öz adlarına, “erməni maddi-mədəni irs nümunələri” kimi təqdim etdiyini ifşa etmək üçün “Azərbaycan İli” çərçivəsində hansı işləri görmək olar?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun musiqi folkloru şöbəsinin elmi işçisi Fəridə Mirişova baki-xeber.com-a bildirdi ki, bunun üçün çox işlər görə bilərik. F.Mirişovanın vurğuladığına görə, 2020-ci ilin İtaliyada “Azərbaycan İli” elan edilməsi bizim əlimizə kifayət qədər fürsətlər verir ki, ermənilərin bizim mədəniyyətimizə, maddi-mədəni irsimizə qarşı oğurluqlarını beynəlxalq aləmdə ifşa edək. Bunun üçün əlimizdə kifayət qədər əsaslar olduğunu deyən F.Mirişovanın sözlərinə görə, biz həmin maddi və qeyri-maddi irs nümunələri ilə bağlı ayrıca pavliyonlar, stendlər yaratmalıyıq, burada həmin irs nümunələrinin tarixi, bizə aid olduğunu sübut edən çoxlu faktlar yerləşdirməliyik. F.Mirişova onu da qeyd etdi ki, ermənilər folklor irsimizdən tutmuş muğam, xalq mahnılarımıza, aşıq sənətimizə, xalçalarımıza, mətbəximizə, abidələrimizə qarşı çox çirkin siyasət yürüdür və bu siyasətin qarşısının alınması üçün İtaliyada çoxlu işlər görülməlidir.

“Ermənilərin Azərbaycan xalqına aid maddi və qeyri-maddi mədəni irs nümunələrini oğurlaması, bu oğurluğun miqyasını günü-gündən genişləndirməsi faktdır. Bütün dünya bunu bilir, beynəlxalq təşkilatlar bu faktlardan xəbərdardır, amma müəyyən səbəblərdən buna heç bir reaksiya vermirlər. 2020-ci ilin İtaliyada “Azərbaycan İli” elan edilməsi çox mühüm bir hadisə olmaqla yanaşı, həm də bizim qarşımızda Azərbaycan mədəniyyətini, eləcə də ermənilər tərəfindən oğurlanan, talanan, mənimsənilən və öz adlarına təqdim edilən maddi və qeyri-maddi mədəni irs nümunələrinin təbliği üçün yeni yollar, imkanlar açır. Ermənilər tərəfindən işğal altında saxlanan Qarabağda bizim saysız maddi və qeyri-maddi irs nümunələrimiz, abidələrimiz qalıb. Bu gün o maddi və qeyri-maddi mədəni irsə əlimiz çatmır, ermənilər onların başına min oyun gətirib. Təklif edərdim ki, İtaliyada “Azərbaycan İli” çərçivəsində erməni təcavüzünə məruz qalan maddi və qeyri-maddi irs nümunələrimizin tarixinə aid posterlər hazırlansın və onların sərgiləri keçirilsin. Bu sərgilərin keçirilməsi vacibdir. Digər tərəfdən, əsrlərdən bəri ermənilər tərəfindən mənimsənilən milli musiqimizlə bağlı xüsusi layihələr hazırlamaq, təqdimatlar keçirmək olar ki, bu ermənilərin deyil, bizim musiqimizdir, amma ermənilər onları oğurlayıb. Bununla bağlı kitablar, xüsusi buraxılışlar hazılayıb təqdim etmək mümkündür. Mətbəximiz də erməni təcavüzünə mərzu qalıb. Bilirik ki, ermənilər bizim mətbəxi də mənimsəyib və bütün dünyada Azərbaycan yeməklərini, xörəklərini öz adlarına təqdim edirlər. Mətbəxtimizlə bağlı sərgilər təşkil etmək, onun tarixinə aid kitabların təqdimatını keçirmək olar. “Azərbaycan İli” çərçivəsində ermənilər tərəfindən oğurlanan maddi və qeyri-maddi irs nümunələrimizin sərgilərinin, təqdimatlarının keçirilməsi, onların tarixinin geniş təbliğ olunması həm italiyalılar, həm də onun qonaqları üçün ermənilərin iç üzünün açılması baxımından yeni informasiyalar verər” - deyə bildirən F.Mirişova hesab edir ki, Azərbaycanda yaşayan qeyri-xalqların da mədəniyyətinə aid sərgilər açmaq olar.

“Bilirsiz, Azərbaycan çoxmillətli bir ölkədir və burada yaşayan azsaylı xalqların hamısı öz mədəni irslərini qoruyurlar. Azərbaycan xalqı, dövləti azsaylı xalqların mədəni irsinin qorunmasında maraqlıdır. Ermənilərdən fərqli olaraq Azərbaycan xalqı başqa xalqların mədəni irsinə qarşı heç bir iddia irəli sürmür. Bu da bir nümunədir və hesab edirəm ki, o da İtaliyada təbliğ olunmalıdır” - deyə F.Mirişova bildirdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com