Müharibədən qorxub, Moskvaya sığınan televiziya rəhbərinin qəribə karyerası… - FOTO

Müharibədən qorxub, Moskvaya sığınan televiziya rəhbərinin qəribə karyerası… - FOTO

SSRİ Dövlət Televiziya və Radio verilişləri Komitəsinə rəhbərlik etdiyi 15 il ərzində Sergey Lapin mərkəzi televiziya və radioda etdiyi bir çox yeniliklərlə, yeni studiyaların yaradılması, yeni verilişlərin efirə çıxması ilə yadda qalıb. Nazir statuslu bu vəzifədə onun fəaliyyəti Mərkəzi Komitə tərəfindən yüksək qiymətləndirilib.

Əslində zəngin dünyagörüşü olan, yüksək intellektli, ədəbiyyatı sevən, poeziyaya bağlı olan, mədəniyyət və incəsənət sahəsini mükəmməl bilən Lapinin heç vaxt siyasi təşəbbüskarlığı olmayıb.

Onun əsas bacarığı ondan ibarət olub ki, o, sovet idelogiyasını Kommunist Partiyasını Mərkəzi Komitənin müəyyənləşdirdiyi kurs üzrə lazımi səviyyədə təbliğ etməyi bacarıb. Bir ayağı Kremldə olan Lapin yuxarıların tapşırığından bir addım da olsa, kənara çıxa bilməyib. "Mərkəzi televiziyanın pultu Kremldədir" kimi ifadələr də yəqin ki, məhz buna görə söylənilib.

1912-ci ildə Sankt-Peterburqda anadan olan Lapin natamam orta təhsil aldıqdan sonra poçtalyon kimi ilk əmək fəaliyyətinə başlayıb. 1930-cu ildə Leninqrad Fəlsəfə və Tarix institutuna qəbul olunub. Amma bu təhsil ocağında o, cəmi iki il oxuyub. İnstitutu yarımçıq qoymasının səbəbi haqqında Lapin heç vaxt açıqlama verməyib.

1932-1940-cı illərdə Sergey Lapin Leninqradda yerli qəzetlərdə ədəbi işçi, müxbir, məsul katib vəzifələrində işləyib. 1940-cı ildə onu işlədiyi redaksiyadan Mərkəzi Komitə yanında Ali Partiya Məktəbinə oxumağa göndəriblər.

Sergey Lapinin tərcümeyi-halında qaranlıq məqamlardan biri onun müharibədə iştirak etməməsidir. Bəzi versiyalara görə, Lapin müharibədən yayınmaq, xüsusi "bron" qazanmaq üçün bütün vasitələrdən istifadə edərək Mərkəzi Komitədə işə düzəlməyə cəhd edib və onun bu cəhdi baş tutub. Belə ki, o, partiya məktəbində təhsil ala-ala Mərkəzi Komitənin təbliğat, təşviqat şöbəsində kiçik bir vəzifəyə düzəlib.

Sergey Lapinin vəzifə təyinatları onun üçün həmişə gözlənilməz olub. Müharibənin sonlarında, 1944-cü ilin dekabrında Lapin Radio Komitəsinə təyinat alıb və burada vəzifə pillələrini sürətlə qalxıb. Artıq 1947-ci ildə o, bu komitənin sədr müavini vəzifəsində çalışıb.

1953-cü ildən Sergey Lapin xarici işlər nazirliyinin strukturuna keçib. Bu transfer Vyaçeslav Moloyovun dəstəyi ilə baş tutub. O, əvvəlcə SSRİ-nin Almaniyadakı səfirliyində müşavir, sonra SSRİ xarici işlər nazirliyinin partiya komitəsinin katibi, daha sonra isə 1956-1960-cı illərdə SSRİ-nin Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri olub.

Məhz bu vəzifədə olarkən həmin dövrdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olan Brejnevlə yaxın münasibətlər qurub. Elə Brejnevin təşəbbüsü ilə də Lapin 1960-cı ildə Rusiyanın xarici işlər naziri vəzifəsinə təyin edilib.

Bir müddət nazir kürsüsündə əyləşən Lapin işgüzarlığı ilə diqqəti çəkdikdən sonra SSRİ xarici işlər naziri Andrey Qromıko ona yeni vəzifə təklif edib. Beləliklə də, Sergey Lapin 1962-ci ildən fəaliyyətini SSRİ-nin xarici işlər nazirinin müavini kimi davam etdirib. 1965-ci ildə nazir müavini vəzifəsi saxlanılmaqla Lapin SSRİ-nin Çindəki səfiri təyin edilib.

1967-ci ildə Sergey Lapin Moskvaya dəvət olunub. Onu Kremldə baş katib Brejnev qəbul edib. Qısa görüş zamanı Avstriyadakı tanışlıqlarını xatırladan baş katib Lapinə dəvət olunmağının səbəbini açıqlayıb: "Mərkəzi Komitə haqqınızda qərar qəbul edib. Siz SİTA-nın baş direktoru təyin olunursunuz".

Sergey Lapin bu vəzifədə də çox qərarlaşmayıb. Brejnevin kadr islahatları ona yeni vəzifə üçün yol açıb. Baş katib Dövlət Televiziya və Radio verilişləri Komitəsinin sədri Nikolay Mesyatsevi vəzifəsindən kənarlaşdıranda, Siyasi Büroda bu vəzifəyə namizədin adını da açıqlayıb. Büro üzvləri Sergey Lapinin namizədliyini dəstəkləyiblər.

1970-ci ildə yeni vəzifəsinin icrasına başlayan Sergey Lapin Mərkəzi Komitənin razılığı ilə televiziya və radioda yeni struktur yaradıb. Onun fəaliyyəti dövründə yadda qalan məqamlardan biri də Lapinin komitədən yəhudiləri uzaqlaşdırması olub. Yəhudi əsilli ssenaristlər, aparıcılar, rejissorlar televiziyadan uzaqlaşdırılıb.

Məsələn, "Kinopanoramma" kimi böyük tamaşaçı auditoriyası olan veriliş, aparıcısı əslən yəhudi olan Aleksey Kapler olduğundan bir müddət bağlanıb. Həmçinin həmin dövrdə tamaşaçıların rəğbət bəslədiyi Vadim Mulerman, Larisa Mondrus, Nina Brodskaya, Aida Vedişeva, Valeri Obodzinski kimi tanınmış simalar efirdən uzaqlaşdırılıblar.

Sergey Lapin televiziya əməkdaşlarına qarşı öz qanunlarını tətbiq edib. Qadın əməkdaşlara şalvar geyinmək qadağan olub, kişilərin mütləq şəkildə kostyumda və qalstukda olması vacib sayılıb.

Bir çoxlarının qənaətinə görə, Sergey Lapinin yaratdığı bu ciddi qayda-qanun onun öz işini hədsiz dərəcədə sevməsi ilə bağlı olub. Yəni, Lapin bu ciddi atmosferi rəhbər olduğu üçün etməyib. Çünki o, sovet dövrünün rəhbərlərində olduğu kimi, hegemonluq, mütləq hakimlik xarakterinə malik olmayıb və hamı yaxşı bilib ki, o, özü işlədiyi 15 il ərzində Kremlin hegemonluğu altında fəaliyyət göstərib.

Sergey Lapin Brejnevin vəfatından sonra da bir neçə il öz vəzifəsində qalıb. Mixail Qorbaçov hakimiyyətə gəldikdən bir neçə ay sonra isə o, istefaya göndərilib.

Ömrünün son illərində xatirələrini, memuarlarını yazan Sergey Lapin 1990-cı ildə, 78 yaşında vəfat edib. O, Moskvada Kuntsevo qəbirstanlığında dəfn olunub.

Milli.Az

Mənbə: news.milli.az