Mənsimov Münhen debatından danışdı: Qürur duydum!

Mənsimov Münhen debatından danışdı: Qürur duydum!

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov tanınmış bloger Fuad Abbasovun şəxsi Yutub kanalı Misra TV-yə müsahibə verib.

Axar.az xəbər verir ki, xeyriyyəçi addımları və layihələri ilə gündəmə gələn Palmali Şirkətlər Qrupunun prezidenti müsahibəsində fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrinə münasibət bildirib.

Mübariz Mənsimov ölkə başçısı İlham Əliyevlə fəxr etdiyini dilə gətirib:

“Mən bir azərbaycanlı olaraq həmin paneli izləyərkən qürur hissi keçirdim. İlham Əliyev Paşinyanı tamamilə küncə sıxışdırdı və səlis ingilis dili, tutarlı tarixi faktlar və ən əsas siyası biliyi və manevri ilə prezidentimiz Ermənistan baş nazirini çaşdırdı, dil çaşıb düzünü deyə misalı, onu “Dağlıq Qarabağ Azərbaycan torpağıdır” deməyə məcbur etdi. Bu gün ermənilərin özü belə hələ də həmin görüşü müxtəlif dairələrdə müzakirə edib məğlub olduqlarını etiraf edirlər. Həmin görüş bir daha onu göstərdi ki, İlham Əliyev böyük siyasətçi Heydər Əliyevin oğludur və sıradan bir ailədə yox, dahi bir siyasətçinin ailəsində böyüyüb. Həmin gün mənim atamın ad günü idi və biz bütün qonaqlarla televizorun qabağında bu müzakirəni izləyib böyük fəxr hissi keçirərək gözəl bir təəssürat aldıq. Qeyd edim ki, debatı məşhur “Avronyus” (Evronews) kanalı ilə yanaşı Türkiyənin demək olar əksər telekanalları öz xəbər lentinə daşıdı”.

Mənsimov daha sonra Azərbaycandakı islahatlara da yer ayıraraq ölkə prezidentinin bu islahatları uğurla başa çatdıracağına, bəzi yarıtmaz məmurları da təmizləyəcəyinə inandığını bildirib.

Fuad Abbasovun müsahibinə sualları arasında son vaxtlar Mənsimova Türkiyədə “ FETO işi” ilə bağlı açılan cinayət işi də olub.

İş adamı adıçəkilən cinayət işinin sifarişinin Azərbaycandan olduğunu dilə gətirib:

“İnanın, çox üzülərək deyirəm ki, sifariş Azərbaycandan gəlib. Amma bu adamlar kiminlə mübarizə apardıqlarını həmişə olduğu kimi unudurlar. Bizim keçmişimiz, həmişə qeyd etdiyim kimi, təmiz və şəffafdır. Anonim məktublar, yalançı şahidlərə Türkiyə kimi hüququn qorunduğu və kutsal baxıldığı ölkədə kimsə inanmır. Mən də Türkiyədə yeni bir ad və sima deyiləm. Mənim kimliyim, işimin adı və karyeram Türkiyənin Cümhurbaşqanı hörmətli Rəcəb Təyyub Ərdoğana da yaxşı məlumdur. “Palmali” adı Türkiyədə tanınır və sevilir. Adını belə çəkmək istəmədiyim Fətullah Gülənin isə məhz sifariş verənlərlə hansı əlaqələri olduğunu gözəl bilirəm. Burada da xüsusi vurğulayıram ki, əlimdə bu barədə çox ciddi və təkzibolunmaz faktlar var. Üstəlik, yeni-yeni faktlar da əlimə keçir. Onlar bundan qorxmalıdır, mən deyil”.

Mənbə: axar.az