Sağçı-radikallar Slovakiya parlamentində üçüncü ən güclü qüvvəyə çevrilə bilər

Sağçı-radikallar Slovakiya parlamentində üçüncü ən güclü qüvvəyə çevrilə bilər

Bratislava, 23 fevral, AZƏRTAC

Fevralın 29-da Slovakiyada növbəti parlament seçkiləri keçiriləcək. 150 yerlik Milli Şuraya (parlament) növbəti dörd il müddətinə hansı siyasi qüvvələrin seçiləcəyi həm ölkədə, həm də Avropanın digər ölkələrində diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, seçkilərdən öncə aparılan sorğulara əsasən, sağçı-radikal Bizim Slovakiya Xalq Partiyası (L´SNS) 12 faizlə parlamentdə üçüncü ən güclü siyasi qüvvəyə çevrilə bilər. 2016-cı ildə 8 faiz səs toplayaraq parlamentdə on dörd nümayəndə ilə təmsil olunan partiya ölkədəki milli azlıqlara qarşı sərt mövqeyi ilə tanınır, eyni zamanda, Slovakiyanın Aİ və NATO üzvlüyündən çıxmasını istəyir. Bundan başqa, partiya mənsubları İkinci dünya müharibəsində nasist Almaniyası ilə müttəfiqlik etmiş Slovak Dövlətini tərənnüm edir, Holokostu rədd edirlər.

Sağçı-radikalların seçkilərdə səslərin sayını artıra bilməsi ehtimalı bütün siyasi düşərgələr üçün problemə çevrilib. Heç bir siyasi partiya koalisiya danışıqlarında L´SNS-i tərəf müqabili kimi görmək istəməsə də, bu partiyanın müvafiq siyasi çəkisi (müxalifətdə qalsa da belə) onunla hesablaşmağın lazım olacağını göstərir.

Hazırda hakim “İstiqamət – Sosial-Demokratiya“ (Smer-SD) partiyası sorğularda cəmi 17 faiz səslə kifayətlənməyə məcburdur. 2012-ci ildə mütləq səs çoxluğu qazanan və 2016-cı ildə keçirilən seçkilərdə 28,3 faiz səslə qalib gələn partiyanı dəstəkləyənlərin sıraları getdikcə seyrəlməkdədir və seçkiqabağı vəziyyət ürəkaçan sayıla bilməz. Korrupsiya və mafioz birləşmələrlə əlaqələrdə ittiham olunan partiyanın seçkidən sonra müxalifət düşərgəsinə keçəcəyi də istisna olunmur. Eyni zamanda, araşdırmaçı jurnalist Yan Kuçiakın qətlini sifariş verməkdə ittiham edilən iş adamı Maryan Koçner ilə yaxın əlaqələr də partiyanın nüfuzdan düşməsi ilə nəticələnib.

İki il bundan əvvəl jurnalist Yan Kuçiakın öldürülməsi Slovakiyada siyasi böhran yaratdı. Bu hadisə ölkənin siyasi səhnəsində yeni partiya və siyasi qrupların yaranmasına aparıb çıxardı. Belə ki, siyasətdə daha çox vicdan və ədalət naminə bir alyansda birləşən Proqressiv Slovakiya (PS) və BİRLİKDƏ (Spolu) partiyaları bir il bundan öncə hüquqşünas Zuzana Çaputovanın ölkə prezidenti seçilməsinə nail oldular, eləcə də Avropa Parlamentinə keçirilən seçkilərdə uğurla iştirak etdilər. Hazırda isə sorğularda cəmi doqquz faiz respondentin rəğbətinə malik olan alyansın seçkilərdə böyük uğur qazanacağı gözlənilmir. Eyni vəziyyət keçmiş dövlət başçısı Andrey Kişkanın rəhbərlik etdiyi, liberal və avropayönümlü siyasəti ilə tanınan “İnsanlar naminə” (Za ľudí) partiyasına da şamil oluna bilər.

Siyasi ekspertlər seçkilərdə mühafizəkar “Adi insanlar və müstəqil şəxslər“ (OľaNO) partiyasının şanslarını yüksək qiymətləndirirlər. Sorğularda 15 faiz səs yığan (2016-cı il parlament seçkilərində 11 faiz) partiyanın təsisçisi və iş adamı İqor Matoviçin, hətta, yeni Baş nazir olması ehtimalı da yüksək qiymətləndirilir. Lakin onu tənqid edənlər İ.Matoviçi siyasi təcrübə və kadrları olmayan populist kimi dəyərləndirir, korrupsiyaya qarşı mübarizədən əlavə tutarlı hökumət proqramına malik olmadığını iddia edirlər.

Slovakiyanın dövlət müstəqilliyini əldə etdiyi 1993-cü ildən bəri səkkizinci dəfə təşkil olunan parlament seçkilərində sosial-demokratların məğlubiyyəti qaçılmaz görünür. Bu məğlubiyyət isə digər düşərgələrin, ilk növbədə isə sağçı-radikal və etirazçı kəsimin mənfəət əldə edəcəyini proqnozlaşdırmağa əsas verir.

Yan Kuçiakın qətlindən sonra ölkədəni bürüyən etiraz dalğası Smer-SD sədri və Baş Nazir Robert Fitsonun istefa verməsi ilə nəticələnsə də, müxalifət qüvvələri hazırkı Baş Nazir Peter Pelleqrinini marionet olmaqda, müstəqil idarəçilik qabiliyyətinə malik olmamaqda günahlandırırlar. İstənilən halda seçkiqabağı vəziyyət Yan Kuçiakın qətlindən ötən iki il ərzində ölkədəki siyasi mühitin hələ də səbatlaşmadığı və sosial-demokratların rəhbərlik etdiyi koalisiyalı hökumətin ömrünə sayılı günlərin qaldığını deməyə əsas verir.

Ümumilikdə iyirmi beş partiya, siyasi qrup və namizədin qatıldığı seçkidə 4,5 milyon seçici öz iradəsini ifadə etməlidir. Son illərdə ölkə siyasətində baş verən hadisələr isə bu seçimin elə də asan olmayacağına dəlalət edir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bratislava

Mənbə: azertag.az