Qarabağ müharibəsi əlili: Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş amansız qətliamdır

Qarabağ müharibəsi əlili: Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş amansız qətliamdır

Azərbaycan xalqına qarşı törədilmiş qətliamlardan biri və bəlkə də ən amansızı Xocalı soyqırımıdır. Ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımından 28 il keçməsinə baxmayaraq hələ də o faciənin acısını, erməni vəhşiliklərini unuda bilmirik. Hər dəfə “Ana harayı” abidəsini ziyarət edərkən xocalılıların həmin hadisələri, zülmətli qanlı gecəni sanki yenidən yaşadıqlarının şahidi oluruq.

Bunu AZƏRTAC-a müsahibəsində fevralın 26-da Xətai rayonunda soyqırımı abidəsini ziyarət edən Qarabağ müharibəsi əlili Ramazan Mustafayev söyləyib. O bildirib ki, erməni silahlılarının və sovet hərbi birləşmələrinin Xocalıda dinc əhaliyə tutduğu divan təkcə xalqımıza qarşı deyil, ümumilikdə bəşəriyyətə qarşı cinayətdir. Xocalı soyqırımı qan yaddaşımız, tariximizin silinməz, unudulmaz səhifəsidir.

“İnanıram ki, Xocalını və ermənilər tərəfindən işğal edilmiş digər torpaqlarımızı tezliklə düşməndən azad edəcəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı, şəhidlərimizin ailələrinə isə səbir versin”, - deyə R.Mustafayev bildirib.

Mənbə: azertag.az