28 il ötsə də, ədalət bərpa olunmayıb

28 il ötsə də, ədalət bərpa olunmayıb

Azərbaycanın kiçik Xocalı şəhərində 1992-ci il fevralın 26-na keçən gecə hansı hadisələrin baş verdiyini yəqin ki, bir çox insan bilmir. Həmin gecə erməni silahlı birləşmələri bu şəhərə hücum edib, orada yaşayan dinc mülki əhaliya qarşı qətliam törədib. Bu, insanlığa qarşı dəhşətli cinayət idi. Erməni əsgərlərinin silahsız mülki əhaliyə qarşı vəhşilikləri insanlıq tarixinin qara səhifəsidir.

Həmin gecə Xocalıda etnik təmizləmə, soyqırım həyata keçirilib. Şəhərə hücum edən erməni hərbi birləşmələri hər şeydən xəbərsiz, yuxuda olan insanla qarşı müxtəlif atıcı silahlardan, süngü və bıçaqlardan istifadə etməklə, qəddarlıq törədib.

Rəsmi məlumata görə, Xocalıda 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 dinc azərbaycanlı sakin qətlə yetirilib. Soyqırım nəticəsində 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərinin birini itirib, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb.

Xocalı soyqırımının bütün qurbanları müsəlman olan etnik azərbaycanlılardır. Həmin gecə onların şəhəri tamamilə məhv edilib.

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı bəşər tarixinə ağlasığmaz qəddarlığı, qeyri-insani cəza üsulları ilə düşmüş vəhşilik aktıdır”, - deyə Azərbaycanın ümumilli lideri Heydər Əliyev o vaxt bəyan etmişdi. 1993-2003-cü illərdə Azərbaycanın prezidenti olmuş Heydər Əliyev Xocalı soyqırımını “bəşəriyyətə qarşı tarixi bir cinayət” adlandırmışdı.

Şəhərə hücumun məqsədi Xocalını işğal etmək, müsəlman azərbaycanlıları oradan qovmaq olub. Bu, ermənilərin beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağı işğal etmək üçün planlaşdırdığı strategiyanın bir hissəsi idi. Bu işdə ermənilərə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı da yardım göstərib.

Yeri gəlmişkən, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanla əhalisinin əksəriyyəti xristian olan Ermənistan 1991-ci ilə qədər Sovet İttifaqının tərkibində yer alıb. Bu qonşu ölkələrin dənizə çıxışı yoxdur. 1980-ci illərin sonlarında Dağlıq Qarabağ regionu əhalisinin əksəriyyəti ermənilər idi. Lakin o, qanuni olaraq Azərbaycan ərazisidir. 1989-cu ildə Dağlıq Qarabağda 120 min erməni və 40 min azərbaycanlı yaşayırdı. Bu yerdə bir maraqlı məqamı qeyd etmək yerinə düşər: Azərbaycan mənbələrinə əsasən, 1980-ci illərin sonlarında Ermənistanda 300 min azərbaycanlı yaşayırmış.

Ermənistan sovet ordusunun yardımı ilə Dağlıq Qarabağın işğalına 1988-ci ildə start verib. 1988-1993-cü illərdə Ermənistan təkcə Dağlıq Qarabağı deyil, həm də bu regiona bitişik 7 rayonu (Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Kəlbəcər) işğal edib. Bu gün Azərbaycan ərazisinin 20%-i işğal altındadır. Bu müharibə nəticəsində hər iki tərəfdən ümumilikdə 30 min insan həyatını itirib. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs müqaviləsi imzalanıb.

Lakin müharibə sona çatsa da, Ermənistan bu gün də Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlayır. 1 milyondan çox azərbaycanlı bu gün də qaçqın və məcburi köçkün kimi yaşayır.

Həmin dövrdə beynəlxalq media orqanları ermənilərin dinc azərbaycanlılara qarşı vəhşilikləri haqda geniş məlumatlar verib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində isə erməni hərbi birləşmələrinin işğal altındakı ərazilərdən dərhal, qedy-şərtsiz çıxarılması, münaqişənin sülh yolu ilə həlli tələb olunur. İslam Əməkdaşlıq Təşkilatı ilə ATƏT də münaqişə ilə bağlı eyni məzmunlu qətnamə qəbul edib.

Budan başqa, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri beynəlxalq hüquq normalarına əsaslanaraq, Xocalıda baş verənləri soyqırım kimi tanıyıblar. ABŞ-ın 22 ştatının qanunverici orqanında da müvafiq qətnamələr qəbul olunub.

Yeri gəlmişkən, ən böyük müsəlman ölkəsi olan İndoneziya Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini qınayır. “İndoneziya Azərbaycanın Dağlıq Qarabağ regionu üzərində suverenliyini tanıyır. Biz bu münaqişənin sülh yolu ilə həllini arzulayırıq”, - deyə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fanani nəşrimizə açıqlamasında bildirib.

İndoneziya parlamentinin bir neçə üzvü, həmçinin bu ölkədə fəaliyyət göstərən dini təşkilatlar və İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyası ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı vəhşiliyini qınayıb.

Lakin beynəlxalq aləmdə qınaq obyektinə çevrilmiş Ermənistan bütün bunlara məhəl qoymur, Azərbaycan ərazilərini hələ də işğal altında saxlayır. Bundan əlavə, Xocalı soyqırımının təşkilatçılarından heç biri indiyədək məsuliyyətə cəlb olunmayıb.

Yerevan Dağlıq Qarabağın “müstəqil dövlət” olduğunu iddia edir. Halbuki, onu müstəqil dövlət kimi, Ermənistan daixl olmaqla, heç bir ölkə tanımır. Bakı isə Ermənistan ordusunun bu gün də Dağlıq Qarabağda yerləşdiyini, qondarma qurumu Ermənistan dövlətinin maliyyələşdirdiyini bildirir.

Şəxsən mən bu haqda yüzlərlə azərbaycanlı qaçqın və məcburi köçkünlə söhbətləşmişəm. Onlar beynəlxalq ictimaiyyətə qəzəblidir. “Dünyanın müxtəlif ölkələrindən çox sayda insan bizimlə həmrəylik nümayiş etdimək məqsədilə buraya səfər edib. Ədalətsə bu günədək bərpa olunmayıb. Yaxınlarımızı, torpağımızı, evlərimizi itirmişik. Amma qatillər bu gün də azadlıqdadır”, - deyə Dağlıq Qarabağdan məcburi köçkün, hazırda Bakıda yaşayan Cəmilə bildirir.

1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-sını “Xocalı soyqırımı günü” elan edib. Milyonlarla azərbaycanlı hər il fevralın 26-sı saat 17:00-da Xocalı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edir.

Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev deyir ki, Xocalı soyqırımı haqda həqiqətlərin dünyaya çatdırılması üçün qlobal kampaniyaya da start verilib: “Bu, “Xocalıya ədalət” beynəlxalq kampaniyasıdır. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də start götürüb. İnsanlar bu kampaniyanın saytına (justiceforkhojaly.org) daxil ola, Xocalı soyqırımı haqda petisiyaya səs verə bilərlər”.

Beləliklə, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq qzrə baş koordinatoru da olan Leyla Əliyeva “Xocalıya ədalət” beynəlxalq kampaniyasına hələ 2008-ci ildə start verib.

İqtisadi və hərbi cəhətdən Ermənistandan güclü, ərazisinə görə isə böyük olan Azərbaycan Dağlıq Qarabağa xüsusi muxtariyyət verməyə hazırdır. Amma bunun üçün Ermənistan ordusu işğal altındakı əraziləri tərk etməli, azərbaycanlı məcburi köçkünlər doğma torparlarına qayıtmalıdır. Beynəlxalq ictimaiyyət isə deyəsən, azərbaycanlı qaçqın və məcburi köçkünləri unudub. Hər halda, Xocalı soyqırımı ilə bağlı ədalətin bərpa edilməsi üçün dünya liderlərinə təzyiq göstərmək lazımdır.

Mənbə: worldmedia.az