Praqada Xocalı soyqırımından bəhs edən film nümayiş olunub

Praqada Xocalı soyqırımından bəhs edən film nümayiş olunub

Azərbaycanın Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Praqa şəhərinin “Luçerna” kinoteatrında Xocalı soyqırımı qurbanlarına ithaf olunan ABŞ və Litva kinematoqrafçılarının birgə istehsal etdiyi, çoxsaylı beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” (“Endless corridor”) sənədli filmi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, səfirliyin müvəqqəti işlər vəkili Etibar Abdullayev tədbirdə çıxış edərək 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə məhəl qoymayan Ermənistan hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal altında saxlamaqda davam edir.

Tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Mənbə: azertag.az