Xocalı sakini Pərvanə Məmmədova: Həmin gecə erməni qəddarlığının həddi-hüdudu olmadı

Xocalı sakini Pərvanə Məmmədova: Həmin gecə erməni qəddarlığının həddi-hüdudu olmadı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər ən müasir silahlarla Xocalıya hücum etdilər. Çoxsaylı ağır texnikanı şəhərə yeridib, bir gecədə şəhəri yerlə-yeksan etdilər. Mən bu qanlı hadisələrin şahidiyəm. Xocalı faciəsi baş verən gecəyə kimi şəhər blokadaya alınmışdı. Biz digər qadınlar, uşaqlar, ağbirçəklərlə zirzəmilərdə gecələyirdik. Heç ağlımıza gəlməzdi ki, ermənilər belə amansızcasına əhaliyə divan tutacaqlar. Çünki biz mənfur qonşularımızla bir kənddə böyüyüb, onlara hər zaman hörmətlə yanaşmışdıq. Nə biləydik ki, düşməni elə süfrəmizdə bəsləmişik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri fevralın 26-da Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edən Xocalı sakini Pərvanə Məmmədova deyib.

“Həmin gecə erməni qəddarlığının həddi-hüdudu olmadı. Mənim iki qardaşım milli orduda xidmət edirdi. Bir gecədə ən yaxın ailə üzvlərimi, doğmalarımı itirdim. Amansızlıqla qətlə yetirilən, işgəncələrə məruz qalan insanların cəsədini gördüm. Gördüklərimi dilə gətirmək belə mənə çətindir. Sanki hadisələr dünən yaşanıb. Xocalıda doğmalarını və yaxınlarını itirən, illərlə qurub-yaratdıqları ev-eşikləri bir gecədə xarabalığa çevrilən insanların fəryadı heç vaxt bitməyəcək, onların qəlbinə vurulan yara heç vaxt sağalmayacaq. Bizim yeganə təsəllimiz xalqımıza bu zülmü yaşadanların layiqli cəzalarına çatmalarıdır. Dünya bu ədalətsizliyə göz yummamalıdır. Bu cinayəti törədən ermənilər beynəlxalq məhkəmədə mühakimə olunmalıdırlar.

Mənbə: azertag.az