Qarabağ torpağı azad edilməyənə qədər hər bir azərbaycanlı əsgərdir

Qarabağ torpağı azad edilməyənə qədər hər bir azərbaycanlı əsgərdir

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Xocalı həftəsi”nə yekun vurulub.

BXA-dan AZƏRTAC-a bildirilib ki, Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan yekun tədbirdə akademiyanın tam orta təhsil pilləsi şagirdləri “Bir yurd vardır – Xocalı...” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər. Akademiyanın müəllimləri - Prezident təqaüdçüsü Pərvin Nəcəfovanın quruluş verdiyi “Faciə”, “Ana” və “Günahım nədir?” milli, klassik və müasir rəqs nümunələrində, qabaqcıl təhsil işçisi, filologiya üzrə fəlsəfə doktoru Aypara Məmmədova və Gülnarə Babayevanın rəhbərliyi ilə hazırlanan şeir və səhnəciklərdə 28 il öncə Xocalı hadisələri canlandırılıb. Sonra foto və videomateriallar nümayiş olunub.

Tədbirdə “Alfa” qrupunun komandiri, “Azərbaycan bayrağı” ordenli polkovniklər Hikmət Ağayev, Xətay Baxşıyev, Milli Qəhrəman, general-mayor Fəxrəddin Cəbrayılov və “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əlizamanov çıxış edərək, bir tərəfdən Xocalı faciəsinin ağrı-acısından, xalqımıza dəyən maddi və mənəvi ziyandan, digər tərəfdən isə ordumuzun şücaətlərindən, Xocalı soyqırımının müasir tariximizin igidlik və qəhrəmanlıq salnaməsi olmasından danışıblar.

Qeyd olunub ki, Qarabağ torpağı azad edilməyənə qədər hər bir azərbaycanlı əsgərdir və hamımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək düşmənə qalib gəlməliyik.

Mənbə: azertag.az