Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov abidə önünə tər güllər qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də abidə önünə gül qoyublar.

Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaratmaq və “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək istəyən ermənilər 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə həyata keçiriblər. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı da ötən əsr boyu azərbaycanlılara qarşı törədilmiş soyqırım siyasətinin davamı, erməni qəddarlığının daha bir təzahürüdür. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırım təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları, Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayı Xocalı şəhərinə basqın etdi. Dinc sakinlər xüsusi amansızlıqla qətlə yetirildi. Bir gündə 613 nəfər işgəncə ilə öldürüldü. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl idi. Xocalı faciəsində 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini, 487 nəfər isə sağlamlığını itirdi. 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü. Xocalıda qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə edildi, ağbirçək analara, ağsaqqallara, südəmər körpələrə belə aman verilmədi, bir gecədə şəhər yer üzündən silindi.

Xocalı soyqırımına ilk qiyməti ümummilli liderimiz Heydər Əliyev verib, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə xüsusi bəyanatla Xocalı soyqırımını törədənləri ittiham edib. Ümummilli Liderimizin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. 1994-cü il fevralın 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə hər il fevralın 26-sı ölkəmizdə “Xocalı Soyqırımı Günü” elan olunub. Ümummilli Liderin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı barədə deyib: “Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə birgə səmərəli fəaliyyət göstərirlər. Xocalı həqiqətlərinin tanıdılması istiqamətində aparılan işin nəticəsidir ki, bu gün Xocalı harayı dünyanın hər yerindən eşidilir. Bu soyqırımı beynəlxalq ictimaiyyət hiddətlə qarşılayır, dünyanın hər yerində Xocalı soyqırımına etiraz edənlərin sayı ildən-ilə artır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, Amerika Birləşmiş Ştatlarının 22 ştatı, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini başa düşərək qətliamı kəskin şəkildə pisləyirlər. İslam Əməkdaşlıq Təşkilatı parlamentinin qəbul etdiyi qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi soyqırımı” və “İnsanlığa qarşı cinayət” kimi qiymətləndirilib.

Fevralın 26-sı təkcə Azərbaycan xalqının faciə tarixi deyil, eyni zamanda ölkəmizin ərazi bütövlüyünün bərpası və erməni işğalına son qoyulması uğrunda mübarizə tariximizin də şanlı səhifəsidir. Bu gün hər birimiz Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edir, qürur hissi keçiririk. 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında xalq-ordu birliyinin sarsılmaz vəhdəti düşməndə qorxu yaradıb. Xalqımız qəti əmindir ki, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən, hərbi qüdrəti artan Azərbaycan düşmən tapdağı altında olan torpaqlarını azad edəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.

Həmin gün muxtar respublikanın rayonlarında da Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirlər keçirilib.

Mənbə: azertag.az