XIX əsrin əvvəllərindən başlayaraq ermənilərdən Qafqazda müsəlman amilinin güclənməsinə qarşı istifadə olunub

XIX əsrin əvvəllərindən başlayaraq ermənilərdən Qafqazda müsəlman amilinin güclənməsinə qarşı istifadə olunub

Fevralın 26-da Lerik şəhərindəki “Şəhidlər” abidə kompleksinin önündə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, ağsaqqallar, gənclər və ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edib, məktəblilərin Xocalı faciəsinə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxıblar.

Anım mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov tariximizin qanlı cinayətlərindən olan Xocalı faciəsi haqqında ətraflı məlumat verib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirib ki, tarixə nəzər saldıqda hələ XIX əsrin əvvəllərindən etibarən Rusiya imperiyasının siyasi alətinə çevrilmiş ermənilərdən Qafqazda müsəlman amilinin güclənməsinə qarşı istifadə olunub.

Bildirilib ki, XX əsrin ən qanlı hadisələrindən olan, erməni-rus hərbi birləşmələri tərəfindən törədilmiş soyqırımı nəticəsində yeddi min sakini olan Xocalı şəhərinin bir gecədə yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı.

Qeyd olunub ki, 1992-ci il fevralın 25-də axşam saat 9-da ermənilər Xankəndi şəhərindəki, Rusiyaya məxsus 366-cı mexanikləşdirilmiş atıcı alayın əsgərləri və muzdlu quldurlarla Xocalı şəhərinə hücum etdilər. Şəhər əvvəlcə toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edildi.

Düşmənin hücumu nəticəsində Xocalı şəhəri yandırıldı, sağ qalmış sakinlərə vəhşicəsinə divan tutuldu. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər, o cümlədən 76 nəfər həddi-buluğa çatmamış şəxs şikəst edildi.

Faciə nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 1275 sakin girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldı.

Vurğulanıb ki, bütün bu olanları dünya ictimaiyyətinə çatdıran ümummilli lider Heydər Əliyev ilk dəfə bu hadisəyə siyasi qiymət verib.

Diqqətə çatdırılıb ki, bu qanlı faciənin dünyada soyqırımı aktı kimi tanınması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz, Heydər Əliyev Fondu və dünyada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən ardıcıl iş aparılır, dünyanın demək olar ki, əksər dövlətlərində hər il müxtəlif tədbirlər keçirilir.

Xocalı qətliamını olduğu kimi, faktlarla dünya ictimaiyyətinə çatdırmaq məqsədilə filmlər, fotosərgilər nümayiş etdirilir, anım tədbirləri keçirilir. Bu tədbirlərin nəticəsidir ki, artıq 20-yə yaxın dövlətin parlamenti, ABŞ-ın 20-dən çox ştatının qanunvericilik orqanları, bir sıra beynəlxalq təşkilatların ali orqanları tərəfindən Xocalı soyqırımı haqqında qətnamələr qəbul edilib, bəyanatlar verilib.

Hazırda ölkəmizin xarici dövlətlərdəki səfirlik və konsulluqları, diaspor təşkilatlarımız tərəfindən, xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası vasitəsilə Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması üçün dünyanın, demək olar ki, bütün dövlətlərində müxtəlif tədbirlər keçirilir.

Anım tədbirində Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin şagirdlərinin ifasında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədi kompozisiya nümayiş etdirilib.

Mənbə: azertag.az