Xocalı soyqırımın qurbanların xatirəsi Abşeron rayonunda anılıb

Xocalı soyqırımın qurbanların xatirəsi Abşeron rayonunda anılıb

Xırdalandakı Mədəniyyət Mərkəzində keçirilən Xocalı soyqırımına həsr olunmuş anım mərasimində rayon rəhbərliyi, idarə, müəssisə, təşkilat, ictimaiyyətin nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, mərkəzin foyesində təşkil olunmuş rəsm sərgisi maraqla qarşılanıb.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə Xocalı həqiqətlərini əks etdirən videofilm nümayiş etdirilib.

Mərasimdə Abşeron Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında “Qanlı tarix” kompozisiyası təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Abşeronda məskunlaşan Xocalıdan olan şəhid ailələri ilə rayon icra hakimiyyətində görüş keçirilib. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Xocalı soyqırımından, eləcə də Azərbaycanın digər ərazilərində tarixi düşmənlərimiz tərəfindən törədilən qətliamlardan, erməni vəhşiliklərinin dünyanın bir sıra ölkələri tərəfindən soyqırımı kimi tanınmasından danışıb. Bildirilib ki, hər il bu faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürək ağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın böyük xidmətlərin olduğunu, “Xocalıya Ədalət!” kompaniyasının uğurlu nəticələr verdiyini qeyd edən başçı sözügedən kompaniya çərçivəsində hər il silsilə tədbirlər reallaşdırıldığını vurğulayıb.

Qeyd edilib ki, dövlət tərəfindən həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunub. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları tərəfindən etiraf edilib.

Daha sonra Xocalı şəhid ailələri üzvləri çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən və bu faciənin beynəlxalq aləmə çatdırılması üçün dövlətimizin həyata keçirdiyi hüquqi və siyasi tədbirlərdən, torpaqlarımızın bütövləşməsi üçün ölkə başçısının apardığı alternativsiz siyasətdən danışıblar.

Sonda xocalılı köçkün ailələrinə maddi yardım təqdim olunub.

Mənbə: azertag.az