Bir gecədə Yer üzündən silinən şəhər - Xocalı

Bir gecədə Yer üzündən silinən şəhər - Xocalı

Goranboy, 26 fevral, Rauf Hacıyev, AZƏRTAC

Fevralın 26-da respublikamızın bütün bölgələrində olduğu kimi, xocalılıların kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Anım mərasimində Xocalı Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şagirdlər Xocalı soyqırımında şəhid olmuş yaxınlarının şəkillərini və faciəni əks etdirən rəsm əsərlərini əllərində tutaraq abidə ətrafında dayanıblar. Mərasim iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzüb, şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva çıxış edərək bildirib ki, ermənilərin soyqırımı törətmələrinin əsas səbəblərindən biri Xocalının strateji mövqedə yerləşməsi, digər səbəbi isə Dağlıq Qarabağda yeganə mülki hava limanının Xocalıda olmasıdır. Erməni quldurlarının Xocalını yerlə-yeksan etməkdə məqsədi tarixi Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın azadlıq əzmini, eləcə də torpaqlarımızın azadlığı uğrunda mübarizə əzmini qırmaq idi. Xocalı soyqırımı zamanı şəhər əhalisi deportasiyaya məruz qalmışdır.

Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. Mindən çox dinc sakin, o cümlədən 76 uşaq müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olub. 1275 nəfər əsir alınıb, 8 ailə bütövlüklə məhv edilib, 25 uşaq hər iki valideyninin itirib. 130 uşaq valideynlərindən birini itirib, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılıb, başlarının dərisi soyulub, gözləri çıxarılıb, başları kəsilib, hamilə qadınların qarnı süngü ilə deşilib.

Azərbaycan xalqı böyük bir müsibət yaşadı. Dinc sakinlərin qanına susamış erməni cəlladları bir gecənin içində aman demədən yüzlərlə günahsız insanın qanını axıtdılar. Hər tərəfi bürüyən bəyaz qar axıdılan məsum insanların qanından al qırmızıya boyandı. Bir gecədə bütöv bir şəhər Yer üzündən silindi. Ermənilər bu soyqırımı ilə dünyanın ən qəddar yırtıcılarından, vəhşilərindən heç nə ilə fərqlənmədiklərini, əksinə, daha qaniçən olduqlarını bir daha göstərdilər.

Soyqırımı zamanı 3 qardaşını itirən Xumar Səlimova çıxışında Xocalı faciəsinin dəhşətlərindən danışıb, 28 il əvvəl törədilmiş faciənin ağrı-acısını hər zaman qəlbində daşıdığını deyib.

Xocalı rayonunun prokuroru Kamran Məmmədov soyqırımına hüquqi-siyasi müstəvidə verilən qiymətdən söz açıb. Bildirib ki, yalnız ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra onun təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Bu dövrdən etibarən ölkə miqyasında və xaricdə Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə başlanılıb. Kamran Məmmədov Xocalı soyqırımını törədən şəxslərin tezliklə hüquqi müstəvidə öz layiqli cəzalarını alacaqlarını bildirib.

Xocalı rayon məhkəməsinin sədr əvəzi Toğrul Əliyev 28 il keçməsinə baxmayaraq, dünya ictimaiyyətinin hələ də bu soyqırımına layiqli hüquqi qiymət vermədiyini bildirib. Qeyd edib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması hazırda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Dünyada Xocalı soyqırımını tanıyan və pisləyən dövlətlərin sayı ildən-ilə artır.

Çıxışlardan sonra Xocalı şəhər 1 saylı uşaq musiqi məktəbinin şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda Xocalı rayon əhalisinin beynəlxalq təşkilatlara müraciəti səsləndirilib.

Mənbə: azertag.az