Tiflis Moskvadan ehtiyatlandı, iclasdan imtina etdi

Tiflis Moskvadan ehtiyatlandı, iclasdan imtina etdi

Gürcüstan tərəfinin xahişinə əsasən Avropa Şurası Nazirlər Komitəsinin növbəti iclası bu ilin may ayında Tiflisdə deyil, Strasburqda keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani məlumat verib.

Nazir bildirib ki, Avropa Şurası Nazirlər Komitəsinin iclasının əvvəlcə bu ilin may ayında Tiflisdə keçirilməsi nəzərdə tutulmuşdu: “Avropa Şurasına üzv olan 47 ölkənin yüksək səviyyəli nümayəndə heyətini Gürcüstanda qəbul etmək bizim üçün böyük şərəfdir. Lakin biz ölkədə sabitliyin yenidən pozulmasına imkan verə bilməzdik. Ona görə də iclasın Strasburqda keçirilməsi barədə qərar qəbul olundu”.

Xatırladaq ki, Avropa Şurasının yüksək səviyyəli tədbirlər üçün öz nizamnaməsi var və Gürcüstan sədr ölkə olaraq bütün məsələləri katiblik səviyyəsində koordinasiya edir.

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik ötən il noyabrın 27-dən etibarən 6 ay müddətinə (2020-ci il mayın 15-dək) Gürcüstana keçib. Sədrlik dövründə Gürcüstanda Avropa Şurasının ümumilikdə 20-dək tədbirinin keçirilməsi planlaşdırılır.

Məlumat üçün qeyd edək ki, keçən ilin iyun ayında Pravoslavlıq Parlamentlərarası Assambleyanın Tiflisdə keçirilən iclasında rusiyalı deputat Sergey Qavrilovun çıxışından sonra Gürcüstanda siyasi vəziyyət gərginləşdi. Parlamentdə təmsil olunan müxalifət nümayəndələri sessiyanın rusiyalı deputat tərəfindən açılmasına etiraz edəndən sonra Rusiya nümayəndə heyəti parlament binasını tərk etməyə məcbur olub. Bundan sonra uzun müddət səngiməyən mitinqlər keçirilib.

Gürcüstan hökuməti may ayında Tiflisdə Avropa Şurası Nazirlər Komitəsinin iclasında Rusiya tərəfinin iştirakı zamanı yenidən gərginliyin yaşanmaması üçün toplantının Strasburqda keçirilməsi ilə bağlı Avropa Şurası katibliyinə müraciət edib.

Mənbə: axar.az