Bişkekdə Xocalı faciəsi ilə bağlı tədbir keçirilib - FOTO

Bişkekdə Xocalı faciəsi ilə bağlı tədbir keçirilib - FOTO

Bişkek şəhərinin Mərkəzi Kitabxanasında “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu” (TDSDF), “Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi”, “Qırğızıstan Azərbaycanlıları Əlaqələndirmə Mərkəzi”nin təşkulatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə dair anım mərasimi keçirilib.

“Report” Qırğız Respublikası KİV-nə istinadən xəbər verir ki, tədbirdə nitq söyləyən TDSDF prezidenti Nüsrət Məmmədov qeyd edib:

“Xocalı kədər və qəhər rəmzidir. Üstündən 28 il keçsə də, Xocalı yarası sağalmayıb və görünür, heç vaxt da sağalmaz. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlıları MDB birləşmiş silahlı qüvvələrinə məxsus 366-cı alayının bəzi hərbçilərinin də iştirakı ilə Xocalı şəhəri və ətrafında ağlasığmaz vəhşiliklər törədiblər. 613 nəfər, o cümlədən qadınlar, uşaqlar, qocalar əmənsızlıqla qətlə yetiriliblər”.

Natiq Xocalının ədalət gözlədiyini, amma bu qırğını törədənlərin hələ də məhkəmə qarşısına çıxarılmadığını xatırladıb.

Tədbirin bütün iştirakçılarına TDSDF-nin sifarişilə nəşr olunmuş “Ermənilərin Azərbaycan torpaqlarındakı əməlləri haqqında tarixi həqiqətlər” adlı kitabın nüsxələri təqdim olunub. Həmçinin fondun sifarişilə qərğız dilində dublaj edilmiş “Xoca” filmi nümayiş etdirilib.

Mənbə: report.az