Əsgərlərimiz hər an döyüşlərə atılmağa hazırdırlar

Əsgərlərimiz hər an döyüşlərə atılmağa hazırdırlar

Yolumuz Vətənimizin keşiyində ayıq-sayıq dayanan oğullarımızın yanınadır. Artıq düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsindəyik. İlk olaraq hərbi hissənin ərazisini gəzirik. Burada əsgərlərimizin sağlamlığının qorunması üçün müasir standartlara cavab verən idman şəhərciyi, sıra və döyüş hazırlığının yüksəldilməsi üçün taktiki sahə, sıra meydanı və mühəndis şəhərciyi var. Asudə vaxtlarında dincəlmək istəyənlər üçün oturacaqlar quraşdırılıb. Hərbi hissənin ərazisi ilə tanış olarkən iki əsgərin həmin oturacaqlarda əyləşərək, söhbət etdiyini gördük. Bizi görən əsgərlər ayağa qalxıb, özlərini təqdim edirlər - əsgər Bəhruz Daşdəmirli və əsgər Ramiz Qasımzadə. Vətənimizin keşikçiləri "Əsgəri xidmət sizə nəyi öyrətdi?" sualımıza cavab olaraq, döyüş hazırlığından, keçirilən dərs və məşğələlərdən söz açdılar:
“Hərbi xidmətə çağırıldığım səkkiz aydır”, - deyə əsgər Bəhruz Daşdəmirli söhbətə başladı: “Ordu sıralarına həvəslə, yüksək ovqatla gəlmişəm. Hərbi formanı geyindiyim an necə məsuliyyətli və şərəfli vəzifəni daşıdığımı anladım. Gənc əsgər hazırlığı dövründən "N" hərbi hissəsində mühəndis-istehkamçı peşəsinə yiyələnmişəm. Hərbi xidmətə başladığım ilk günlərdən komandirlərimiz bütün qoşun növlərinin qələbənin qazanılmasında müstəsna rolu olduğunu bildirdilər. Döyüş əməliyyatlarının müvəffəqiyyəti bir çox hallarda mühəndis təminatı üzrə tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsindən asılıdır. Onlar qoşunların hərəkəti üçün əlverişli şərait yaradır, düşmənin hərəkətini çətinləşdirmək məqsədi ilə kompleks tədbirlər həyata keçirirlər. Bacarıqlı zabitlərimizin köməyi ilə mütəmadi olaraq dərslərdə nəzəri və praktiki biliklərimizi artırırıq. Günlər keçdikcə bu peşənin sirlərini dərindən mənimsəyirik, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Asudə vaxtlarımız da səmərəli və maraqlı keçir”
Əsgər Ramiz Qasımzadə hərbi xidmət dövründə çoxlu dürüst və sadiq dostlar qazandığını bildirdi: "Ailə üzvlərimizi seçə bilməsək də, dostlarımızı seçmək bizdən asılıdır. Əsgər dostluğu uzunmüddətli olur. Hərbi xidmətdə çoxlu dost qazanmışam. Belə dostlarımdan biri də Bəhruzdur. Belə bir deyim var: “Əl ki, əldən bərk yapışa, yorulmaz”. Dostum da hər zaman mənə dayaqdır. Boş vaxtlarımızda Bəhruzla gün ərzində keçdiyimiz məşğələləri təkrarlayır, fiziki gücümüzü artırır, Vətənimizin hərb tarixi və qəhrəmanlarımız haqqında söhbətləşirik. Elə indi də Milli Qəhrəmanımız Mübariz İbrahimovun həyatından, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canını fəda etməsindən danışırdıq. Mübariz daima döyüşə hazır idi. O, Vətənimizin, millətimizin taleyini özündən üstün tutdu. Şəhidimiz qəhrəmanlığı ilə adını təkcə Azərbaycanın tarixinə deyil, bütün azərbaycanlıların qəlbinə qızıl hərflərlə yazdı. Onun kimi igid oğullarımız bizə əsl nümunədir. Biz də çalışırıq ki, hər an döyüşə hazır olaq, Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızı düşmən tapdağından azad edək”.
Əsgərlərimizin sözlərindən məlum oldu ki, onlar bacarıqlı komandirlərimizin sayəsində təcrübəli döyüşçü kimi formalaşaraq, hər an döyüşlərə atılmağa hazırdırlar.
Ruslan Həsənzadə, "Azərbaycan Ordusu"
Ordu.az

 

Mənbə: ordu.az