Trampın nümayəndəsi Bakıda enerji siyasətinə dəstək verməkdə, “Vaşington Post” 9 fevral seçkilərini pisləməkdə - erməni lobbisinin izləri...

Trampın nümayəndəsi Bakıda enerji siyasətinə dəstək verməkdə, “Vaşington Post” 9 fevral seçkilərini  pisləməkdə - erməni lobbisinin izləri...

Yadigar Məmmədli: “Erməni lobbisinin maraqlarından çıxış edən dairələr istəmirlər ki, ABŞ-Azərbaycan münasibətləri inkişaf etsin”

Xəbər verildiyi kimi, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında iştirak etmək üçün ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

Prezident İlham Əliyev nümayəndə heyətini qəbul edib. Görüş zamanı “Cənub Qaz Dəhlizi” ətrafında və ABŞ-ın bu layihəyə dəstək verməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

ABŞ rəsmisi Kurt Donnelli ilk dəfə Bakıya 2004-cü ildə gəldiyini, ötən dövr ərzində paytaxtımızda həyata keçirilən böyük inkişaf proseslərinin şahidi olduğunu vurğulayıb. “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətinə toxunan K.Donnelli bu layihənin tamamlanma mərhələsinə daxil olması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Çox qəribədir ki, bu cür yüksək səviyyəli görüşün keçirilməsi ilə eyni vaxtda ABŞ-ın “Vaşington Post” qəzetində “Azərbaycanda səyahət qadağası və saxta seçki” adlı redaksiya məqaləsi dərc edilib. Məqalədə Azərbaycana yönəlik əsassız tənqidi fikirlər yer alıb. İddia olunub ki, guya Azərbaycanda 9 fevral seçkiləri saxtalaşdırılıb, hamıya bərabər şərait yaradılmayıb, avropalı siyasətçilər satın alınr, media mənsubları təzyiqlə üzləşir və s.

Göründüyü kimi, Trampın nümayəndəsinin Bakıda enerji siyasətinə dəstək verməsilə eyni vaxtda belə xoşagəlməz yazının tirajlanması təsadüfi deyil. Bu, erməni lobbisinin Azərbaycana yönəlik məkrli siyasətindən irəli gəlir. Sözügedən dairələr Azərbaycan-ABŞ münasibətlərinə xələl gətirməkdən ötrü belə təxribatlara əl atırlar.

“Onların bunda hansısa formada iştirakı birmənalıdır”

Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin sözlərinə görə, Azərbaycana yönəlik tənqidi məzmunlu yazının erməni lobbisinin sifarişi əsasında verilməsi istisna deyil: “Burada erməni izinin olması açıq-aşkar özünü göstərir. Azərbaycanın əleyhinə olan istənilən məsələdə birbaşa və yaxud dolayı da olsa erməni lobbisinin əli var. Onların bunda hansısa formada iştirakı birmənalıdır. Çünki bütün bunların eyni günə təsadüf etməsi bunun məqsədli şəkildə həyata keçirilməsindən xəbər verir. Erməni lobbisinin maraqlarından çıxış edən dairələr istəmirlər ki, ABŞ-Azərbaycan münasibətləri inkişaf etsin. Bu münasibətlərin inkişafı keyfiyyətcə yeni mərhələyə keçsin. Belə vəziyyətin yaranması həm də Birləşmiş Ştatların Azərbaycanla bağlı ikili standartlarından irəli gəlir. Enerji sahəsində Azərbaycanla bağlı əməkdaşlığa ABŞ xüsusi önəm verir. Ancaq Qarabağ münaqişəsinin həlli və digər məsələlərlə bağlı ABŞ yetərincə fəallıq göstərmir. Baxın, Trampın nümayəndəsi ölkə başçısı ilə yüksək səviyyəli görüş keçirir, eyni vaxtda “Vaşington Post” qəzetində belə qərəzli yazı dərc olunur. Deməyim odur ki, sözügedən məqalə Azərbaycanı gözdən salmaq məqsədi güdür. Ancaq ölkə başçısının Trampın nümayəndəsi ilə görüşməsi isə reallığı göstərir. Reallıq ondan ibarətdir ki, Azərbaycanla ABŞ və digər Avropa ölkələri arasında yüksək əməkdaşlıq var. Bunu da bəzi dairələr həzm edə bilmirlər”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com