Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Yekaterinburqda anım mərasimi keçirilib

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Yekaterinburqda anım mərasimi keçirilib

Yekaterinburq, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycanın Yekaterinburq şəhərindəki Baş Konsulluğunun və Sverdlovsk vilayətində fəaliyyət göstərən “Azərbaycan” ictimai təşkilatının birgə təşkilatçılığı ilə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, baş konsul İlqar İskəndərov Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olan və XX əsrdə insanlığa qarşı törədilmiş qanlı qətliam – Xocalı soyqırımı və ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş vəhşiliklərdən danışıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən bu günədək davam edən “Xocalıya ədalət!” beynəlxalq informasiya və təbliğat kampaniyası haqqında məlumat verib, kampaniya çərçivəsində Azərbaycanda və dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilməsi və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı təbliğat işlərinin görüldüyünü bildirib. Baş konsul Xocalı soyqırımının hər bir azərbaycanlı üçün tariximizin qanlı səhifəsi olduğunu qeyd edib və bu faciə haqqında dünya ictimaiyyətinə davamlı olaraq məlumatların verilməsinin vacibliyini qeyd edib. Diplomat Azərbaycanın işğal olunmuş ərazilərinin tez bir vaxtda qaytarılmasına və ölkəmizin ərazi bütövlüyünün mütləq bərpa ediləcəyinə əminliyini ifadə edib və bu cinayəti törədənlərin məhkəmə qarşısında cavab verəcəklərini vurğulayıb.

“Azərbaycan” ictimai təşkilatının sədri Şahin Şıxlinski Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş vəhşiliklərdən və qadın, uşaq və yaşlıların amansızcasına qətlə yetirilməsindən danışıb. O, ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən diaspor təşkilatlarını Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və onun soyqırımı aktı kimi tanıdılması istiqamətində işlərin aparılmasına və bunun üçün mühüm addımların atılmasına çağırıb.

Tədbirdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayəti üzrə bölməsinin üzvləri, Sverdlovsk vilayətində yaşayan soydaşlarımız və təhsil alan azərbaycanlı gənclər ermənilər tərəfindən xalqımıza qarşı tarixboyu törədilmiş vəhşiliklərlə bağlı çıxışlar ediblər.

Çıxış edən soydaşlarımız arasında Xocalıda baş verən hadisələrin canlı şahidi olan, Dağlıq Qarabağ bölgəsində gedən döyüşlərdə və hərbi əməliyyatlarda iştirak edən həmvətənimiz Rafiq İsmayılov o dəhşətli günləri xatırlayaraq, erməni silahlıları tərəfindən Azərbaycan ərazilərində dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi və Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdən danışıb.

Tədbir zamanı iştirakçılara Xocalı soyqırımı ilə bağlı sənədli filmlər və fotostendlər nümayiş etdirilib və faciəni əks etdirən kitab və nəşrlər təqdim olunub.

Mərasimin sonunda şəhidlərimizin ruhuna dualar oxunub və xatirəsinə ehsan verilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Yekaterinburq

Mənbə: azertag.az