Ankarada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Ankarada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Ankara, 27 fevral, AZƏRTAC

Azərbaycanın Türkiyədəki səfirliyi və Ankaranın Etiməsqut rayon bələdiyyəsi Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı birgə konfrans təşkil ediblər.

AZƏRTAC xəbər verir ki, Etiməsqut rayonda keçirilən konfransın iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Daha sonra 28 il əvvəl ermənilərin bəşəriyyətə qarşı törətdikləri ən amansız cinayətlərdən biri olan Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub.

Etiməsqut rayon bələdiyyəsinin sədri Ənvər Dəmirəl, Azərbaycanın Türkiydəki səfiri Xəzər İbrahim və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdet Ünüvar çıxışlarında vurğulayıblar ki, Azərbaycan ilə Türkiyənin ortaq acısı olan Xocalı soyqırımı heç vaxt unudulmaycaq.

Tədbir iştirakçıları Azərbaycanın və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iki ölkənin erməni məsələsi ilə bağlı eyni mövqedən çıxış etdiklərinə dair Bakıdan dünyaya, xüsusilə də Ermənistana verdikləri mesajların əhəmiyyətini qeyd ediblər.

Konfransda məruzələri dinlənilən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Əttar və İstanbul Universitetinin dosenti Ramazan Erhan Güllü erməni riyakarlığının tarixi və anatomiyasını ətraflı təhlil ediblər.

Məruzələrdə qeyd edilib ki, ermənilərin tarix boyu xalqlarımıza qarşı mübarizədə başqa dövlətlərin və güc mərkəzlərinin əlində alət olublar. Ermənilərin qəddarlığı və digər qeyri-insani cəhətləri onların terrorçu mahiyyətinin əsasını təşkil edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az