Hərbi qurumun baş katibindən Qarabağ AÇIQLAMASI: “Lazım gəlsə, mövqeyimizi bildirəcəyik”

Hərbi qurumun baş katibindən Qarabağ AÇIQLAMASI: “Lazım gəlsə, mövqeyimizi bildirəcəyik”

Dağlıq Qarabağ münaqişəsi daim Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) diqqət mərkəzindədir.

paralel.az-ın məlumatına görə, bunu Yerevanda səfərdə olan KTMT-nin baş katibi Stanislav Zas erməni jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, KTMT münaqişə ilə bağlı quruma üzv dövlətləri məlumatlandırmaq üçün yaxşı sistem qurub.

Baş katibin sözlərinə görə, KTMT-yə üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında Qarabağ münaqişəsi müzakirə olunur.

“Lazım gələrsə, KTMT münaqişə ilə bağlı mövqeyini bildirəcək. Dövlət başçılarının və xarici işlər nazirlərinin açıqlamaları ictimaiyyət üçün açıqdır. Mən bunları şərh etməyəcəyəm”, - deyən Stanislav Zas bildirib.

O qeyd edib ki, qurum münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

“Problemin həllinin yalnız bir yolu var – bu, siyasi yoldur. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin gördüyü işlər beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanır”,-deyə S.Zas bildirib.

Qeyd edək ki, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan KTMT-nin üzvləridir.

 

Mənbə: paralel.az