“Bizi üzən beynəlxalq ictimaiyyətin hücuma laqeyd qalmasıdır” – Türkiyəli deputatlar

“Bizi üzən beynəlxalq ictimaiyyətin hücuma laqeyd qalmasıdır” – Türkiyəli deputatlar

“Bizim üçün ilk öncə üzücü məqam beynəlxalq qüvvələrin Türkiyəyə qarşı hücuma laqeyd yanaşmasıdır”.

Bu sözləri Modern.az-a Türkiyədəki vəziyyəti şərh edərkən Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən millət vəkili Şamil Ayrım deyib. O qeyd edib ki, bu səhərdən etibarən Amerika ve Rusiyanın simasında bir çox dünya gücləri və beynəlxalq qurumlar açıqlamalar yayıblar:

“Hazırkı durumda xalqımız böyük birlik, bərabərlik içərisindədir. Biz bu sıxıntılı müddəti də geridə qoyacağımıza inanırıq. Bizim niyyətimiz qan tökülməsi deyil. Qətiyyən Türkiyə günahsız insanların, mülki şəxslərin əziyyət görməsini istəmir. Terror təşkilatlarının önündə durmağa çalışan bir Türkiyə var.

Türkiyə sərhədlərini Suriyadakı qaçqınların ölkəyə keçməsi üçün açıb. Bundan sonrakı müddətdə məqsədimiz Türkiyənin haqlı mübarizəsinə beynəlxalq ictimaiyyətin də laqeyd qalmasıdır”.

Millət vəkili bildirib ki, müxalifət siyasi partiyalarının da hakimiyyətin atdığı addımlarla əlaqədar fikirləri fərqli ola bilər:

“Amma belə bir durumda birlik olmaq daha önəmlidir. Bu gün Böyük Millət Məclisinin toplantısı keçirildi. Təbii ki, müxalifət partiyalarının önəriləri ola bilər. Bu da dinlənilir, diqqətə alınır.

Türkiyə Cümhuriyyəti dönəmində bu cür çətin vəziyyətlərdə müxalifət və iqtidar həmişə bir-birinə dayaq olub. İndi də durum tam belədir. Türk xalqının həssaslığı, şəhidlərin ruhuna hörməti müxalifət və iqtidar arasında çəkişmələrin də qarşısında dayana bilər”.

Böyük Millət Məclisində Cümhuriyyət Xalq Partiyasını təmsil edən millət vəkili Atilla Sertel isə bu gərginliyin iqtidar və müxalifətlə birgə həll olunmasını vacib sayır.

O bildirib ki, CHP Məclisdə həftənin şənbə günü fövqəladə toplantı keçirilməsini, şəhidlərlə əlaqədar bu məsələləri təcili müzakirə etməyi istəyib:

“Bununla bağlı çağırış etdik. Amma hakim Ədalət və İnkişaf Partiyası isə gələn həftənin çərşənbə axşamı toplantı keçirilməyini istəyir. Halbuki belə bir önəmli durumda tezliklə toplantı keçirilib, birlik-bərabərlik içərisində çarə axtarılmalıdır. Biz bunu istəyirik. Məclis toplandıqda orada bizə məlumat verəcəklər. Həmin məlumatlar ictimaiyyətə açıq olmayacaq. Biz torpaqlarımızda şəhid olsun istəmirik, insanlarımızın ölməyini istəmirik. Məsələ Türkiyənin müdafiəsidirsə, öz torpaqlarımız üçün hamımız ölməyə hazırıq. Başqa məqsədlər varsa, onların da müzakirə edilməyi vacibdir”.

Millət vəkili vurğulayıb ki, Türkiyəyə dost olan ölkələri hər kəs bilir:

“Biz dünyada əksimizə olan, dostca yaxınlaşmayan güclərin də fərqindəyik. Bizi ancaq bizə yaxın olan ölkələr anlaya bilər. Sabah CHP-nin toplantısında müxalifətin hər hansı bir təkliflə çıxış edib-etməyəcəyi müzakirə olunacaq”.

Qeyd edək ki, ötən gecə Suriyanın İdlib vilayətində Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib. Hücum nəticəsində son məlumata görə Türkiyənin 33 əsgəri şəhid olub.

Mənbə: modern.az