Ermənistan dövlətçiliyi içəridən dağılır

Ermənistan dövlətçiliyi içəridən dağılır

Ermənistanda ictimai-siyasi vəziyyət get-gedə daha da ağırlaşır. Bunu təkcə hazırkı baş nazir Nikol Paşinyanın səriştəsiz idarəçiliyi və diletant siyasəti ilə bağlamaq, zənnimizcə, düzgün olmazdı. Hesab edirik ki, rəsmi Yerevanın keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq, qonşu ölkələrə, xüsusən Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, eləcə də Gürcüstana və Türkiyəyə qarşı ərazi iddiaları bu terrorçu dövləti daxildən dağıdır. Vaxtilə himayədarları sayəsində Azərbaycan ərazilərini işğal etməklə öyünən Ermənistan indi bu işğalın acı və çox sarsıdıcı nəticələri ilə üzbəüzdür: təcavüz və işğal eyforiyası çəkilib getdikdən sonra ölkədə dağılmış iqtisadiyyat, tənəzzülə uğramış sosial həyat, bərbad vəziyyətə düşmüş ordu, işsizlik, aclıq və siyasi dərəbəylik qalmaqdadır.
“Gallup World” beynəlxalq təşkilatının keçirdiyi sosial sorğunun nəticələri göstərib ki, Ermənistan əhalisinin təxminən 40 faizi yaranmış ağır sosial-iqtisadi şəraitlə əlaqədar ölkəni tərk etmək niyyətindədir. BMT-nin ekspert qrupunun hesablamalarına görə isə 2025-2030-cu illərədək Ermənistanda əhalinin sayı azalaraq, təqribən, 1 milyon 500 min–2 milyon nəfərə düşəcəyi gözlənilir.
Eyni zamanda, son illərdə Azərbaycanın özünə güclü ordu yaradaraq 2016-cı ilin aprelində və 2018-ci ilin mayında Ermənistana sanballı “dərs” verməsi bu ölkədə “qələbə” düşüncəsindən dumanlanmış başlara soyuq su çilədi. Ölkə ağır və acı sual qarşısında qaldı: İndi nə etməli? Nə ordu Azərbaycanın qarşısında davam gətirə bilir, nə də iqtisadiyyat var. Əhali dilənçi vəziyyətinə düşür, dövlət xarici ianələr hesabına yaşayır, insanlar iş və normal yaşayış ardınca Rusiyaya, başqa yerlərə köçürlər və s. Bütün bu səbəblər ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxarsa da, heç nə dəyişmədi.
Nikol Paşinyan da sələfləri Robert Koçaryan və Serj Sarkisyan kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı status-kvonu uzatmağa çalışır və bununla da Ermənistanın sosial-iqtisadi böhrandan çıxmasına mane olur. Amma Qarabağ problemi həll olunarsa, Ermənistan hökuməti ölkənin digər qayğı və ehtiyaclarına çarə tapmağa çalışar. Münaqişə isə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Paşinyanla birgə iştirak etdiyi panel müzakirələr zamanı deyib: “Aydındır ki, biz bu münaqişəni mərhələlərlə həll etməliyik. Münaqişəni tam şəkildə bir gündə həll edə bilmərik. O, mərhələli olmalıdır və birinci mərhələdə jurnalistin söylədiyi və Rusiyanın təklif etdiyi kimi, işğal olunmuş ərazilərin bir qisminin azad edilməsi baş verməlidir, Azərbaycan məcburi köçkünləri həmin ərazilərə qaytarmalıdır, eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi getməlidir. Bu halda, Dağlıq Qarabağın statusu hər iki tərəf hazır olanda sonrakı müzakirəyə qala bilər, çünki yerlərdə proses getməsə, ərazilərin azad edilməsi başlamasa, status üzərində razılığa gəlmək mümkün olmayacaq. Bizim mövqeyimiz ondan ibarətdir ki, status məsələsi Azərbaycanın ərazi bütövlüyünə müdaxilə etməməlidir. Eyni zamanda, biz həmişə söyləyirik ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda sülh və rahat şəkildə yaşayan çox sayda etnik azlıqlar var. Ərazi bütövlüyümüz tam bərpa olunarsa, ermənilər milli azlıq kimi, ölkəmizdə istənilən digər millətin nümayəndəsi kimi, bütün hüquqlara və imtiyazlara malik olacaqlar”.
Sosial-iqtisadi problemlərə gəlincə, hakimiyyətə küçədən gəlmiş Paşinyan da sələfləri kimi, xalqa çörək vermək iqtidarında olmadı. Üstəlik, orduda başsızlıq, anarxiya artdı, günahsız əsgər ölümləri baş alıb getdi. Bütün bunlar köksüz erməni dövlətini və dövlətçiliyini içəridən dağıdır. Amma Paşinyan hökuməti işğal siyasətindən əl çəkib, qonşularla normal münasibətlər qurmaq, iqtisadiyyatla məşğul olmaq, əhaliyə çörək vermək haqqında düşünmür.
Erməni mətbuatının son günlərdə açıqladığı rəqəmlərə görə, təkcə bu ilin əvvəlindən bəri Ermənistanda 13 hərbçi ölüb, yaxud intihar edib. İntihar orduda adi hala çevrilib. Bu, erməni cəmiyyətində əməlli-başlı təlaş və qorxu yaradıb. Əslində, bu, erməni “verxuşka”sını çox az düşündürür. Mətbuat isə əhali arasında sorğu keçirərək, bu məsələyə aydınlıq gətirməyə çalışır. “Sputnik Armeniya” saytının sorğusuna cavab verənlərin hamısı əsgərlər arasında intihar hallarının artmasından narahatlıqlarını bildiriblər. Valideynlər belə vəziyyətdə uşaqlarını orduya verməkdən qorxaraq, ölkədən çıxarmaq istəyirlər.
Sorğuya yekun vuran sayt yazır: “Heç kəsə sirr deyil ki, ordu cəmiyyətin güzgüsüdür. Bu gün orduda nə baş verirsə, küçədə də eyni vəziyyətdir. Fevralın 14-də Qarabağda müqavilə əsasında xidmət edən Ayk Əsryanın başına güllə sıxması ilə bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılsa da, bu, nəyi dəyişir ki?...”
Bu hallara qarşı hökumətdə heç bir tədbir görülmür. Yalnız həlak olmuş hərbçilərin anaları və həyat yoldaşları hökumətin binası qarşısında etiraz aksiyası keçirirlər. Onlar baş nazir Paşinyanla görüşmək istəsələr də, polis qadınları binaya buraxmayıb. Etirazçılar hökumətdən hərbi xidmət şəraitində ölən hərbi qulluqçulara da kompensasiya verilməsini tələb edirlər.
Bütün bunları nəzərə alaraq, demək olar ki, Ermənistanda dövlətçilik, həqiqətən, dağılır. Hazırkı hakimiyyətin həyata keçirdiyi siyasət Ermənistanın təkcə müstəqilliyinin itirilməsi ilə deyil, eyni zamanda, dövlətçiliyinin də ciddi təhlükə qarşısında qalması ilə nəticələnə bilər. Ermənistan hakimiyyəti ölkəni təcrid vəziyyətinə salıb və Rusiyadan asılı durumda qoyub. Ölkəni xarici qrantlar, kreditlər və pul yardımları ilə bağlı marafonlardan əldə edilmiş vəsaitlər hesabına nə qədər saxlamaq olar?! Bu, son nəticədə, iqtisadiyyatın tamamilə dağılmasına gətirib çıxaracaq. Ermənistanla sıx iqtisadi əməkdaşlıq edən, birgə layihələr həyata keçirən Rusiya və İran özlərinə qarşı tətbiq edilmiş beynəlxalq iqtisadi sanksiyalar səbəbindən bir qədər də çətin vəziyyətə düşsələr, bu, Ermənistan üçün faciə ilə nəticələnməyəcəkmi?!
Təbii ki, bunu Ermənistanda başa düşənlər yox deyil. Amma, təəssüf ki, ölkənin dağılmasının qarşısını ala biləcək real siyasi qüvvə yoxdur.

 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com