Fevralda 664 dəfə atəşkəs pozuntusu: Dövlət sərhədində təxribatlar səngimir

Fevralda 664 dəfə atəşkəs pozuntusu: Dövlət sərhədində təxribatlar səngimir

Fevral ayında Ermənistan silahlı bölmələri atəşkəs rejimini 664 dəfə pozub. Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində əsasən snayper tüfənglərindən və iriçaplı pulemyotlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri Ermənistan silahlı bölmələrinin atəşinə məruz qalıb.

Ayının başlanğıcından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozmağa davam edirdi.

Ayın ortalarına doğru sözügedən təxribatlar intensivləşməyə başladı. Nəticədə, fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törətdi. Düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid oldu.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa ra­yonları istiqamətində də döyüş mövqelərinə qarşı təx­ribatlar davam edirdi.

Belə ki, saat 16:30 radələrində Ermənistanın şimal-şərq hissəsində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində təxribata cəhd edərkən müqaviləli erməni hərbi qulluqçu, sıravi Artur Mejlumyan yaralandı.

Bütün bunlara baxmayaraq, düşmən təxribatlarını səngitmir, hərəkətdə olan vasitələrimizi iriçaplı silahlardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında intensiv atəşə tuturdu.

Bütün hallarda düşmən təxribatlarının qarşısı alındı, mövqelərimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susduruldu.

Ayın sonlarına doğru - 24 fevral tarixində, saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqamətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alındı.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid oldu.

Ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralandı, digər hərbi qulluqçusu isə məhv edildi.

Ümumiyyətlə, ay ərzində bütün istiqamətlər üzrə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT" BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT" BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ordu.az

 

Mənbə: ordu.az