“Hipersəsli”nin yaratdığı səs-küy: ABŞ 20 milyon dollar ayırır - TƏHLİL

“Hipersəsli”nin yaratdığı səs-küy: ABŞ 20 milyon dollar ayırır - TƏHLİL

Rusiya ilə ABŞ-ın qızğın silahlanma yarışına girməsi dünya hərbi mənzərəsinə yeni “rənglər” çəkir.

Rusiya tərəfi dəfələrlə nüvə arsenalı, hipersəsli silahları, analoqu olmayan ballistik və qanadlı raketləri, atom sualtı gəmiləri, hava hücumundan müdafiə sistemləri ilə öyündüyünü dilə gətirib. Bu, Rusiyanın hərbi doktrinasının dünyaya ünvanlanan ümumi bəyanıdır.

Ötən il fevralın 2-də ABŞ və Rusiyanın 1987-ci ildə imzalanan müqavilədən çıxmasından sonra hərb sferasında daha da canlanma yarandı.

1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə, 500 km-dən 5500 km-ə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi.

Moskva və Vaşinqtonun bu müqavilənin üstündən xətt çəkməsi silahlanma yarışında yeni dövrə start verilməsinin mesajıdır.

Rusiya müqavilədən çıxma ərəfəsində və bundan sonra hipersəsli silahları ilə də gündəmə gəldi.

Rusiyanın “Avanqard”, “Kinjal”, “Peresevet” kimi hipersəsli raket komplekslərinə sahib olması onun əsas rəqibi ABŞ-da narahatlıq doğurmaya bilməz.

Rusiyanın silah arsenalının davamlı və sürətli inkişafı ABŞ Hərbi Hava Qüvvələrini əks tədbirlər görməyə, adekvat addımlar atmağa vadar edir.

ABŞ Hərbi Hava Qüvvələri səs sürətindən azı beş dəfə yüksək olan, səmada raketləri məhv edə biləcək pilotsuz texnika yaratmaq niyyətindədir.

Yəqin ki, Pentaqon Rusiyanın dünyaya qorxu aparatı kimi təqdim edilən “Avanqard” sistemlərinin göstəricilərinin analoqsuz olmasından sonra belə qərara gəlib.

“Avanqard” səsdən 20 dəfə sürətli şəkildə atmosferin qalın qatlarında manevr edə bilir. Bu isə onun radarlara düşməsini çətinləşdirir. “Avanqard”ın digər üstünlüyü isə ondadır ki, qitələrarası məsafəyə uçmaq qabiliyyətinə malikdir.

İndi isə ABŞ alternativ kimi “Glide Breaker” sistemi yaratmaq istəyir.

Bunun üçün ABŞ Müdafiə Nazirliyi “Glide Breaker” sistemləri yaradılması üçün “Aerojet Rocketdyne” Müdafiə və Tədqiqat Mərkəzinə 20 milyon dollar pul ayırıb.

Vaşinqton hədəfləyir ki, hipersəsli raketlərin digər növləri suborbital boyunca uça bilsin və sürəti səs sürətindən 27 dəfə böyük olsun.

ABŞ-da hesab edirlər ki, hipersəsli silahların hazırlanması milli təhlükəsiz üçün mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, hipersəsli raket texnologiyasını Rusiya, Çin və ABŞ sınaqdan keçirib. Ekspertlərin çoxu isə bu qənaətdədirlər ki, Rusiya və Çin hipersəsli silahlarının hazırlanması və göstəricilərinə görə Qərbi qabaqlayır.

 

Mənbə: www.oxu.az