"Güclü təsir mexanizmi işləyib hazırlamaq mümkündür" - TƏHLİL

"Güclü təsir mexanizmi işləyib hazırlamaq mümkündür" - TƏHLİL

“Türkiyənin Naxçıvanla sərhədinin bağlanması tam epidemiya ilə bağlı idi və burada hər hansı siyasət axtarmaq düzgün olmazdı. Təbii ki, görüşdən sonra mühüm razılığa gəlinərək sərhədin açılması digərlərinə bir siyasi mesaj idi”.

Politoloq Arzu Nağıyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Ekspertin sözlərinə görə, son addımlar hətta problemlərin çözülməsində də Türkiyə və Azərbaycanın bir yerdə olduğunu növbəti dəfə təsdiqlədi.

Prezident Ərdoğanın Bakı səfərindən bəhs edən A.Nağıyev qeyd etdi ki, ən ciddi məsələ Bakı-Tiflis-Qars dəmir yolunun davamı olaraq Qars-Naxçıvan yolunun tikintisidir: “Bu, artıq regional və qlobal baxımdan bütün aktyorlar üçün ciddi siqnaldır. Çünki həm Ermənistan, həm də onun havadarları heç vaxt bu yolun açılmasının tərəfdarı olmayıblar və hətta ciddi əleyhdarı olublar. Bu, onların regionla bağlı planlarının pozulması deməkdir”.

Türkiyə prezidentinin Qarabağ bəyanatına və Ermənistanda bu fikirlərin narahatlıq doğurmasına gəldikdə, politoloq qeyd etdi ki, cənab Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həllində daima ərazi bütövlüyümüzü dəstəkləyib və böyük tribunalardan bunu səsləndirib: “Eyni zamanda Azərbaycan prezidenti cənab İlham Əliyev də hər zaman Türkiyənin dəstəkçisi kimi çıxış edib. İstər Xocalı soyqırımı, istərsə də qondarma ”erməni soyqırım"ı məsələsində hər iki dövlət haqq səsini birgə ucaldıb".

Politoloq inanır ki, Türkiyə-Rusiya münasibətində gərginliyin azaldılmasında Azərbaycan növbəti dəfə mühüm rol oynayacaq bir vasitəçiyə çevrilə bilər və bunu etməyə qadirdir: “Bu, cənab İlham Əliyevə xas olan və aparılan xarici siyasətdən də görünür. Bütün bunlara baxmayaraq, Rusiyanın Dağlıq Qarabağ münaqişəsində açar fiqur olmasını nəzərə alsaq da, Türkiyə-Rusiya münasibətində bu münaqişənin həlli ilə bağlı ciddi addımların atılacağı inandırıcı görünmür. Təbii ki, qondarma qurumun ”seçkiləri" də buna ciddi bir siqnaldır. Ancaq hər iki dövlətin ciddi səyi nəticəsində güclü təsir mexanizmi işləyib hazırlamaq mümkündür. Çünki regional məsələlərin həllində ən maraqlı dövlətlər elə region dövlətləri olmalıdır".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a açıqlamasında təəssüflə bildirdi ki, Türkiyə-Rusiya münasibətlərinin Qarabağ məsələsinin həllinə təsiri yoxdur: “Fakt budur ki, Türkiyə-Rusiya münasibətlərində gərginlik var. Ancaq Türkiyə-Azərbaycan strateji müttəfiqliyi güclənir. Ərdoğanın səfəri bir daha bunu təsdiq etdi. Bundan sonra hərbi əməkdaşlıq inkişaf edəcək. Biz Türkiyədən yeni hərbi texnika alacağıq və birgə hərbi texnika istehsal edəcəyik. Bu da çox vacib məsələdir. Mən yenə də köhnə fikrimdə qalıram ki, Türkiyənin Azərbaycanda hərbi baza yaratması hər iki dövlət üçün çox faydalı olar. Əlbəttə, bütün bunlar reallaşarsa, Azərbaycan ordusu öz gücünü artıracaq və Qarabağ məsələsinin həllində biz söz sahibinə çevriləcəyik”.

Ekspert hesab edir ki, hər bir halda özümüzə güvənməliyik: “İndiki halda demək olmur ki, Türkiyə-Azərbaycan ittifaqı Qarabağ münaqişəsinin həllini sürətləndirə bilər. Bu məsələni biz özümüz həll etməliyik. Heç kim gəlib bizim əvəzimizdə savaşmayacaq. Amma yenə də Türkiyə-Azərbaycan hərbi ittifaqı genişlənsə, bunun münaqişənin həllinə çox müsbət təsiri ola bilər”.
“Yeni Müsavat”

Mənbə: www.dia.az