Bunu edəcəyimizə inanmırdılar, indi baxın... - Ərdoğan

Bunu edəcəyimizə inanmırdılar, indi baxın... - Ərdoğan

Aylar öncə dedik ki, belə davam edərsə, qapıları açmaq məcburiyyətində qalacağıq. Amma onlar bunu edəcəyimizə inanmadılar. Lakin bilsinlər ki, biz sərhəd qapılarını bundan sonrakı müddətdə də bağlamayacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul millət vəkilləri ilə Dolmabaxça Sarayındakı görüşündə qaçqınlar üçün Avropaya qapıların açılması məsləsinə münasibət bildirərkən deyib. Ərdoğan bu qədər miqranta baxmaq gücünə sahib olmadıqlarını vurğulayıb:

“Əgər ABŞ və Avropa sözündə durmasa, biz sərhədləri bağlamayacağıq. Suriyada 30 km dərinlikdə təhlükəsiz bir zona yaratmaq üçün çalışırıq. Dünən cənab Putin, Trampa və başqalarına dedim. Bizə verilən vəd nə idi? YPG/PYD-ni bu bölgələrdən çıxartmaq. Amma heç biri sözündə durmadı. Onlar terrorçuları bölgədən çıxarmadılar. Hazırda terrorçular bölgədə terror aktları törətməyə davam edirlər. Mən bunu hər iki liderlə (Trampla Putin) paylaşdım. Amma onlar mənə cavabında “biz terrorçuları bölgədən çıxardıq” deyə bilmirlər. Amma biz yazılı şəkildə onlardan bunun vədini almışdıq. Buna görə də artıq onlar bizim nə edəcəyimizə qarışa bilməzlər. Biz sözümüzdə durduq, lakin onlar sözlərini tutmadılar”.

Ərdoğan həmçinin qeyd edib ki, dünən qapılar açılsa da, bu gün artıq gedənlərin sayı 18 mini aşıb, günün sonuna qədər isə 30 minə çatacağı mümkündür.

Mənbə: axar.az