Muxtar respublikada mülki müdafiə işinin təşkili diqqət mərkəzindədir

Muxtar respublikada mülki müdafiə işinin təşkili diqqət mərkəzindədir

Hər il martın 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd dünya ictimaiyyətinin diqqətini mülki müdafiə xidmətlərinin təşkilinə, insanların və onların əmlakının xilası, təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin qorunmasına yönəltməkdir.

Fövqəladə Hallar Nazirliyi və onun yerlərdəki strukturları üçün müasir inzibati binalar tikilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanı ilə muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin yaradılması muxtar respublikada insanların həyatının, əmlakının baş verə biləcək təbii və texnogen fəlakətlərdən qorunması baxımından atılan mühüm addımlardan biridir. Fövqəladə Hallar Nazirliyi və onun yerlərdəki strukturları üçün müasir inzibati binalar tikilib istifadəyə verilib, şəxsi heyətin sosial təminatının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülüb. Belə ki, 2012-ci ildə nazirliyin yeni inzibati binası istifadəyə verilib, binada müasir xidmət şəraiti, elektron nəzarət və idarəetmə sistemləri yaradılıb. Həmçinin 2008-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Şöbəsinin inzibati binası, 2009-cu ildə Kəngərli, Şahbuz, Ordubad rayon şöbələri, 2013-cü ildə Şərur və Babək Rayon şöbələri, 2014-cü ildə isə Sədərək Rayon Şöbəsi üçün yeni inzibati binalar və texniki qarajlar istifadəyə verilib, müasir iş şəraiti yaradılıb. Mülki Müdafiə Alayının təlim mərkəzində döyüş hazırlığı məşğələlərinin, təlim və məşqlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb, avtomobil və xüsusi təyinatlı nəqliyyat vasitələrinin saxlanması, istismarı və texniki xidmət göstərilməsi üçün müasir avtomobil parkı istifadəyə verilib, peşəkar xilasedicilərin hazırlanması məqsədilə təlim mərkəzi yaradılıb və onun ərazisində vertolyot meydançası tikilib.

Xüsusi Riskli Xilasetmə Xidməti uğurla fəaliyyət göstərir

Muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallara çevik reaksiyanın verilməsi və nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarının aparılması, zərərçəkmişlərə ilk yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2009-cu ildə Xüsusi Riskli Xilasetmə Xidməti yaradılıb və bu sahədə fəaliyyətin nümunəvi təşkili üçün zəruri addımlar atılıb. Muxtar respublika ərazisində baş vermiş təbii, texnogen hadisələrin statistikasının aparılması, belə hadisələrə çevik reaksiyanın verilməsi məqsədilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112” qaynar telefon xətti yaradılıb.

Tikintidə təhlükəsizliyə diqqət artırılıb

Muxtar respublikada tikinti sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə 2010-cu ildən etibarən Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi fəaliyyətə başlayıb, onun nəzdində mühəndis-geoloji, sement və beton laboratoriyası yaradılaraq ən müasir sınaq avadanlıqları və cihazları ilə təchiz edilib. Şəxsi heyətin yaşayış və mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Belə ki, Naxçıvan şəhərində nazirliyin zabit-gizir ailələri üçün 48 mənzilli yaşayış binası tikilib və 2017-ci il yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirakı ilə şəxsi heyətin istifadəsinə verilib.

“Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” yol xəritəsi rolunu oynayır

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” nəşr olunub. 6 bölmədən ibarət olan atlasda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin praktik olaraq planlaşdırılması və həyata keçirilməsi müəyyən edilib, eyni zamanda muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilər, infrastruktur obyektləri barədə məlumatlar, müxtəlif miqyaslı inzibati və coğrafi xəritələr verilib. Atlasda muxtar respublika ərazisində ehtimal olunan daşqın-subasma hadisələri, çöl yanğınları, təhlükəli hidrometereoloji hadisələrdən olan doluvurma, anomal aşağı temperaturlar, eroziya və səhralaşma prosesləri, torpaqların şoranlaşması, güclü küləklər, su qıtlığı təhlükəsi və atmosfer quraqlığı da öz əksini tapıb. Bundan başqa, atlasda təbii fövqəladə hal mənbələrinin mövcudluğu, yayılma arealı və təhlükəsi, əvvəlki illərdə muxtar respublikada baş vermiş bu tip təbii fəlakətlər, onların vurduğu ziyan haqqında statistik məlumatlar yer alır. Fövqəladə hallar atlası fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, bu zaman fəaliyyət üzrə idarəetmə orqanlarının və qüvvələrinin fəaliyyətinin planlaşdırılması, təşkili baxımından müstəsna əhəmiyyət kəsb edir.

Maddi-texniki baza daim möhkəmləndirilir

Nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılıb, ötən il 7 yanğınsöndürmə avtomobili, 2 əməliyyat-minik avtomobili, 62 adda xüsusi təyinatlı avadanlıqlar və əşya-əmlaklar alınıb gətirilib. Struktur qurumların yaşayış və qeyri-yaşayış sahələrində təmir, yenidənqurma işləri davam etdirilib, Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının və texniki qarajının tikintisinə başlanılıb.

Fərdi mühafizə vasitələrinin paylanması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilib

Fövqəladə hallar zamanı təxliyə (evakuasiya) olunan əhalinin və zərərçəkənlərin tələbatının ödənilməsi, yaşayışın və qidalanmanın normal təşkil edilməsi, habelə ehtimal olunan radioaktiv, kimyəvi və bioloji zəhərlənmələr zamanı əhaliyə vaxtında fərdi mühafizə vasitələrinin paylanması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, Mülki Müdafiə Alayında mülki müdafiə səfərbərlik ehtiyat anbarı yaradılıb, yaşayış binalarının zirzəmiləri təmir edilərək fərdi mühafizə vasitələri anbarı kimi uyğunlaşdırılıb, əhalinin yaş kateqoriyasına uyğun mühafizə vasitələri, radiasiya və kimya kəşfiyyatı cihazları tədarük olunaraq fövqəladə hallar komissiyalarının sədrlərinə təhvil verilib. Muxtar respublika ərazisində radioaktiv, kimyəvi və bioloji çirklənmə şəraitində nazirliyin mülki müdafiə qüvvələrinin fəaliyyət göstərməsi üçün müasirtipli radiasiya axtarış və ölçü cihazları alınıb gətirilib, bu cihazlarla işləyən mütəxəssislərin hazırlığı ixtisasartırma kurslarında təkmilləşdirilib.

Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətini fövqəladə hadisələrin qarşısının alınması istiqamətində qurub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətini fövqəladə hadisələrin qarşısının alınması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində qurur. Ölkəmizdə, eləcə də muxtar respublikamızda nazirliyin fəaliyyəti tam təmin olunmuş, struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. İnsanların həyatının, dövlət əmlakının, fərdi təsərrüfatların və sahibkarlıq subyektlərinin baş verə biləcək hadisələrdən qorunması nazirliyin və onun müvafiq qurumlarının qarşısında duran başlıca vəzifələrdir”.

Ötən müddət ərzində həyata keçirilən tədbirlər bir daha deməyə əsas verir ki, Fövqəladə Hallar Nazirliyi bundan sonra da mülki müdafiə işinin müasir tələblər səviyyəsində qurulması, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində zəruri tədbirləri reallaşdıracaqdır.

AZƏRTAC-ın Naxçıvan bürosu

Mənbə: azertag.az