Viktor Orban: Macarıstan Suriyanın şimalında bərpa işlərinə yardımçı olacaq

Macarıstanın Baş naziri Viktor Orban ­bildirib ki, onun ölkəsi Suriyanın şimalında ­yaradılan təhlükəsizlik zonalarında bərpa və yenidənqurma işlərinə öz töhfəsini verməyə ­hazırdır. Məlumatı “Anadolu” agentliyi yayıb.

Qeyd edək ki, bu günlərdə Budapeştdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə apardığı müzakirələrdən sonra birgə mətbuat konfransında V.Orban deyib: “Ankara regionda qaçqın probleminin həllində həlledici rol oynayır. Avropaya miqrant axınının qarşısını Türkiyə olmadan almaq mümkün deyildir”.
Macarıstan hökumətinin rəhbəri dünya birliyini suriyalı qaçqınların doğma yurdlarına qayıtmaları istiqamətində Türkiyənin səylərinə yardım göstərməyə çağırıb. V.Orban vurğulayıb: “Regionda öz vətənini tərk etməyə məcbur olan həmin insanları kömək etmək vacibdir”.
V.Orban hesab edir ki, son illər Budapeşt və Ankara bir sıra sahələrdə, o cümlədən NATO çərçivəsində əməkdaşlığı uğurla inkişaf etdirirlər. Baş nazir qeyd edib ki, Şimali Atlantika Alyansında hərbi qüdrətinə görə Türkiyə ikinci böyük dövlətdir. Türkiyə Macarıstanın strateji müttəfiqidir. Budapeşt Ankara ilə müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq etməyə çalışır.
Birgə mətbuat konfransında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Macarıstan əlaqələrinin hazırkı durumuna yüksək qiymət verib və bu əlaqərin daha da genişlənəcəyinə əminliyini ifadə edib. R.T.Ərdoğan rəsmi Budapeştin Türkiyənin Avropa İttifaqına namizədliyini dəstəklədiyi üçün V.Orbana təşəkkür edib.
Türkiyə lideri çıxışında Aİ rəhbərliyini Ankaraya, eləcə də qaçqın probleminə münasibətdə qeyri-konstruktiv mövqe sərgiləməkdə günahlandırıb. Onun sözlərinə görə, belə yanlış yanaşma Aİ-nin imicinə böyük zərbə vurur.

 

M.HACIXANLI,
“Xalq qəzeti”

Xalqqazeti.com

ƏVVƏLKİ XƏBƏR

Tanınmış teleaparıcı efirə qayıdır

SONRAKI XƏBƏR

Plasido Dominqo Yaponiyadakı konsertindən imtina edib