Mübarizə KİŞİ kimi aparılmalıdır… – KAMİL HƏMZƏOĞLU YAZDI

Mübarizə KİŞİ kimi aparılmalıdır… – KAMİL HƏMZƏOĞLU YAZDI

Toy, şadlıq məclisi və ya Allah hər bizimizdən uzaq etsin yas məclisi əqidə, məslək birliyi məclisi yaxud klubu deyil, sevincə şərik olmaq, onu paylaşmaq və yenə də hər birimizdən uzaq olsun, kədəri bölüşmək, insanlıq, qonşuluq, həmkarlıq məclisidir…

Bu məclislərə gedəndə də kimdənsə icazə alınmır, alınmasına da ehtiyac yoxdur, öz qəlbinin hökmü ilə gedirsən, kimsə səni məcbur etmir-addımını da yenə deyirəm İnsanlıq naminə atırsan…

Dünən Nahidin (jurnalist Nahid Canbaxışın)  gözəl övladının toy mərasimində mən də iştirak etmişəm bir həmkarı kimi, eyni binada və  eyni blokda yaşayan qonşusu kimi…

Gözəl də toy məclisi oldu…Allah övladını, onun gözəl həyat yoldaşını da xoşbəxt, bəxtəvərlərdən, yarıyanlardan etsin…

İndi, ifadəmə görə üzr istəyirəm, hansısa anasından, dədəsindən bixəbərlər… toya, Nahidin sevincinə şərik olmağa gedənlərə qarşı əxlaqsızlığa, insanlığa yaraşmayan alçaqlığıa yol veriblər…

Şoka düşməmək, əsəbindən infarkt dərəcəsinə çatmamaq mümkün deyil…İnsanlığın və sözün bitdyi yer…

Açığını deyim ki, “Made in Azerbaijan” adlı səhifədə paylaşılan fotoda (və yazılan statusda konkret adı çəkilənlərdən) olanlardan bir neçəsi ilə münasibətlərim heç də yüksək səviyyədə deyil…

Biri ilə 7 ilə yaxındır salam-kəlamım yoxdur, biri məni bu yaxınlarda fb dostluğundan çıxarıb, birini də mən dostluğa götürmürəm, bu, öz yerində…

Amma bu, heç də o  demək deyil ki, onlara, digərlərinə qarşı bu cür əxlaqsızlıq, alçaqlıq, nakişilik anlayışla, susqunluqla qarşılansın və ya qarşılanmalıdır…

Bizlər bir-birimizi sevməyə, qəbul etməyə, hətta, nifrət edə bilərik, bir-birimizi qəbullanmağa, sevməyə məhkum, məcbur deyilik…

Amma ali dəyərləri, insanlığı, KİŞİliyi heç zaman unutmamalıyıq…

Mübarizə aparanda da KİŞİ kimi mübarizə aparmalıyıq…

Hər kəs də öz etdiklərinə cavabdehdir, kimsə kimsənin hərəkətinə, addımlarına, davranışlarına  görə cavabdehlik daşımır…

Yəni, cəbhəsindən, iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq, hər kəs dəyərlərə hörmətlə yanaşmalı, İnsanlığı unutmamalı, Allahı yaddan çıxarmamalı, KİŞİ kimi mübarizə aparmalıdır.

Kimsə tuman altından boylanmamalıdır, kiminsə alt camaşırına bulaşmamalıdır, orada eşələnməməlidir!!!

Və bunu edənlər cəzasız qalmamalıdır!!!

Kamil HƏMZƏOĞLU

“Etikxeber.az”-ın baş redaktoru

Mənbə: moderator.az