Hacıqabul sənaye zonası təcrübəsi özünü doğruldacaqmı…

Hacıqabul sənaye zonası təcrübəsi özünü doğruldacaqmı…

Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də məhz bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir.

Xatırladaq ki, adıçəkilən sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanıb.

Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib.

Qeyd edək ki, yaradılan sənaye məhəllələri kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına xidmət edir. Hazırda Neftçala, Masallı sənaye məhəllələri uğurla fəaliyyət göstərir. Dövlət başçısının modern sənayeləşmə siyasətinin növbəti töhfəsi olaraq bir sıra bölgələrdə də sənaye məhəlləsinin yaradılması barədə tapşırıqlar verilib.

Prezident İlham Əliyev Hacıqabul rayonuna və Naftalan şəhərinə yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən bildirib ki, Hacıqabul rayonunun potensialının inkişafı üçün onun göstərişilə Hacıqabul sənaye zonası yaradılır. Bu zonanın böyük potensialı olacaq və orada xüsusi güzəştlər rejimi tətbiq ediləcək: “Bilirəm ki, bu, sahibkarlar tərəfindən də yüksək qiymətləndirilir. Belə təcrübə artıq var, həm Sumqayıtda, həm Neftçalada, Masallıda, digər şəhər və rayonlarımızda. Mingəçevirdə sənaye zonaları yaradılıb və yaradılır. Ona görə sənaye zonasının fəaliyyətinə böyük diqqət verilməlidir”.

Prezident Hacıqabul sənaye zonasının yaradılması haqqında tapşırıq vermişdı. Maraqlıdır, bu zona yaradılarsa, səmərəli olacaqmı?

“…həmin bölgədə ölkə daxilində tələb olunan sənaye məhsullarının istehsalının təşkili mümkün olar”

İqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, iqtisadiyyatda vacib olan məqamlardan biri də sənaye müəssisələrinin sayının artırılmasıdır: “Sənaye parklarının əhəmiyyəti daha çox regionların payına düşür. Neftçalada yaradılan sənaye parkları innovativ sənaye məhsulları istehsal edir. Hacıqabulda da oxşar sənaye parkının yaradılması mümkündür. Hacıqabulda sənaye parkının yaradılması həmin rayonda yeni iş yerlərinin açılmasına səbəb olacaq. Bununla yanaşı, sənayə parkı yaradılarsa, Hacıqabula yeni investisiyaların cəlb olunmasına imkan verəcək”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Hacıqabulda sənaye zonası yaradılarsa, həmin bölgədə ölkə daxilində tələb olunan sənaye məhsullarının istehsalının təşkili mümkün olar. Bu baxımdan, Hacıqabul daxil olmaqla, bir çox bölgədə daha çox sənaye müəssisəsinin yaradılması daha məqsədəuyğundur.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com