Bakının bu qəsəbəsi çirkab sularının altında: İcra hakimiyyəti məsuliyyəti “JEK”-in üstünə atdı - FOTO

Bakının bu qəsəbəsi çirkab sularının altında: İcra hakimiyyəti məsuliyyəti “JEK”-in üstünə atdı - FOTO

Abşeron rayonu Aşağı Güzdək qəsəbəsindəki məhəllələr kanalizasiya suyunun altında qalıb.

Qəsəbənin bina 11 ünvanında yaşayan sakinlərin Cebhe.info-ya bildirdiyinə görə analoji hal dəfələrlə yaşansa da, heç bir dövlət qurumu problemin aradan qaldırılması üçün tədbir görmür. Qəsəbənin kanaliziasiya sistemi də bərbad gündədir və daşan çirkab suları bu ərazidəki evlərə dolur. Küçələrə axan kanalizasiya suları sakinlərin gediş-gəlişinə çətinlik yaradıb. Həmçinin ətrafı bürüyən çirkab sularının üfunət qoxusu qəsəbədə dözülməz vəziyyət yaradıb. Sakinlər bununla bağlı dəfələrlə əlaqədar qurumlara müraciət etdiklərini bildirsələr də nəticəsi olmayıb.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Şükürov Cebhe.info-ya açıqlamasında deyib ki, qəsəbədə əhali əlavə qoşulmalar etdiyindən kanalizasiyanın gücü çatmır və suyu arxaya ötürür:

“Problemlə bağlı biz icra hakimiyyətinə də bildirmişik. Onlar məsələnin həllini növbəti plana salacaqlar. Həmin kanalizasiya xətti dəyişilməli və yenisi ilə əvəzlənməlidir. Yəni o bir və ya iki saatın işi deyil. Xırda bir məsələ olanda bələdiyyənin gücü hesabına həll etmək mümkün olur. Amma o böyük məsələdir. Qazılmalı və qəsəbədə ümumi kanalizasiya xətti kökündən dəyişilməlidir. Mütəmadi olaraq həmin kanalizasiya borusu tutulur. O, qalın boru ilə əvəzlənməlidir ki, məsələ kökündən həll edilsin. Aşağı Güzdək qəsəbəsi bina 11 Xırdalan Mənzil Təsərrüfat Birliyinin balansındadır. Ora da problemlə bağlı məlumat vermişik. “JEK”-in müdiri mənə bildirib ki, problem dünən həll olunub”.

Qəsəbə sakinləri isə iddia edir ki, problem hələ də həll olunmamış qalır.

Sakinlər problemlə bağlı Abşeron rayon Aşağı Güzdək Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinə müraciət ediblər. Qurumdan sakinlərə "bu problemə biz baxmırıq" deyilib.

Alçina Amilqızı
Cebhe.info

 

 

Mənbə: cebhe.info