Azərbaycanda icra başçıları özlərinə iş planı tuturmu - Prezident səmərəli iş üçün müstəsna əhəmiyyətli üsulu xatırlatdı...

Azərbaycanda icra başçıları özlərinə iş planı tuturmu - Prezident səmərəli iş üçün müstəsna əhəmiyyətli üsulu xatırlatdı...

İcra başçıları rəhbərlik etdikləri rayon və şəhərlərin sosial-iqtisadi, mədəni-ictimai həyatına fayda vermək üçün öz üzərilərinə düşən vəzifəni dərindən dərk etməli və onun həyata keçirilməsi üçün çalışmalıdırlar.

Sözsüz ki, hər bir rəhbər şəxsin görəcəyi iş, həyata keçirəcəyi fəaliyyət xüsusi səmərəli iş planı üzərindən olmalıdır. Ölkə başçısı İlham Əliyev Naftalan və Hacıqabul rayonlarına yeni təyin etdiyi icra başçılarını qəbul edərkən onların qarşısına qoyduğu vəzifələrdən biri də bu olub. “...Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin, işsizliklə bağlı problemlər öz həllini tapsın. Siz vətəndaşlarla daim təmasda olmalısınız. Mövcud olan problemləri, ilk növbədə, çox dərindən təhlil etməlisiniz və problemlərin həlli üçün iş planı tutulmalıdır...” - deyə ölkə başçısı yeni təyin etdiyi icra başçılarına öz tövsiyələrini verib.

Bəhruz Quliyev: “İcra başçılarının özünün xüsusi iş planının olması ona şərait yaradacaq ki...”

“Səs” qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, politoloq Bəhruz Quliyevin sözlərinə görə, Prezident İlham Əliyev icra başçısı vəzifəsinə təyin etdiyi insanları qəbul edərkən onlar qarşısında çox mühüm vəzifələr qoyur: “Prezidentin icra başçılarını qəbul etməsi və onların qarşısına yeni vəzifələr, tələblər qoyması çox yaxşı haldır. Ona görə ki, cənab Prezident ictimaiyyətin gözü qarşısında yeni təyin etdiyi icra başçılarına tapşırıqlarını verir. Bu, digər tərəfdən, həm də cəmiyyətə bir mesajdır ki, onlar məsuliyyətli olsunlar. Prezident həm də bununla icra başçılarına verdiyi tapşırıqların yerlərdə icra olunmasına ictimai nəzarətin gücləndirilməsini vətəndaşlara tapşırır. Ölkəmizdə ictimai nəzarət mühitinin formalaşması çox vacibdir. İcra başçılarının görəcəkləri işlərlə bağlı iş planı tutması çox mühüm məsələdir. Bilirsiniz ki, hər bir qurumun illik iş planı olur və işlər o plan əsasında görülür. Amma yeni dövrün çağırışları, görülən işlər, hadisələrin dinamikliyi çevik idarəetmə və s. əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir. İcra başçılarının özünün xüsusi iş planının olması ona şərait yaradacaq ki, onlar baş verən hadisələrə, həlli zəruri olan məsələlərə anındaca reaksiya verəcəklər və problemlər yerindəcə həll olunacaq. Baş verənlərə çevik reaksiya verilməsinə, problemlərin həlli istiqamətində anındaca addımların atılmasına zərurət yarandığını cənab Prezident də, cəmiyyət də hiss edir. Bu səbəbdən də cənab Prezidentin verdiyi tapşırıqlar, onun icra başçılarına iş planı tutmaqla bağlı tövsiyəsi həqiqətən də həm icra başçıları üçün idarəetmədə bir istiqamətdir, həm də cəmiyyətə bir mesajdır ki, ölkə başçısı icra başçılarına belə bir tapşırıq verdi”.

B.Quliyevin sözlərinə görə, bəzi icra başçıları yerlərdə özlərini cənab Prezidentin etimadına layiq aparmırlar, müxtəlif səhvlər edirlər, davranışları ilə neqativliklərə yol verirlər. “Bu da vətəndaşların gözündən, nəzərindən yayınmır. İndi elə bir dövrdür ki, texniki inkişaf nəticəsində hər kəsin əlində bir telefon var, müşahidə etdiyi neqativlikləri çəkib ictimaiyyətə təqdim edə bilir. Ona görə də həyat özü sürətlənib, dünyanın çağırışları fərqlidir. Eyni zamanda, Azərbaycanda yeni çağırışlar meydana gəlib. Cənab Prezident icra başçılarına konkret, mühüm tapşırıqlar verməklə yerli icra hakimiyyəti başçıları üzərinə birbaşa məsuliyyət qoyur. Ölkəmizdə dinamik inkişaf getdiyi bir çağda, cənab Prezidentin çevik siyasət həyata keçirdiyi və dövlət məmurlarından da çeviklik, dürüstlük tələb etdiyi bir vaxtda icra başçıları da öz məsuliyyətlərini dərk edib fəaliyyətləri ilə tələblərə cavab verməlidirlər” - deyə B.Quliyev qeyd etdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com