RUSİYASIZ ZİRVƏ TOPLANTISI. DAŞKƏND MƏRKƏZİ ASİYANI BİRLƏŞDİRƏ BİLƏCƏKMİ

RUSİYASIZ ZİRVƏ TOPLANTISI. DAŞKƏND MƏRKƏZİ ASİYANI BİRLƏŞDİRƏ BİLƏCƏKMİ

Noyabrın sonu Daşkənddə baş tutan Orta Asiya liderlərinin məşvərət toplantısı sayca ikinci görüş (birincisi ötən ilin mart ayı Astanada keçirilib) olsa da, ona diqqət yetirmək lazımdır. Təkcə ona görə yox ki, həmin sammitdə Rusiya iştirak etməyib. Bu barədə politoloq Arkadi Dubnov Karnegi Moskva Mərkəzi üçün yazır.

Astana görüşündə beş prezidentdən biri iştirak etməmişdi: Türkmənistan lideri Qurbanqulu Berdıməhəmmədovu oğlu Sərdar Berdıməhəmmədov əvəzləmişdi. Ancaq bu dəfə hamı iştirak edib, üstəlik Qazaxıstanı prezidentdən daha nüfuzlu bir şəxs – milli lider, “elbası” Nursultan Nazarbayev təmsil edib.

Köhnə maneələr

Daşkənd bu görüşlə su-energetika, humanitar məsələlərdən tutmuş, təhlükəsizlik və qarşılıqlı ticarətə kimi region ölkələrini narahat edən vacib problemlərin gizli şəkildə müzakirə edilməsinə imkan yaradan “dialoq platforması”nın yaradıldığını iddia edir.

Mirziyoyev “baryersiz” Mərkəzi Asiya yaratmaq istəyindən bəhs edib. O, insanların və yüklərin azad hərəkət etməsi üçün sərhədlərdə maneələrin aradan qaldırılmasını, vizaların ləğvini, buraxılış məntəqələrinin rəsmiləşdirilməsini nəzərdə tutub.

Cari ilin əvvəlində Qırğızıstan-Tacikistan sərhədində ölüm hadisəsi ilə nəticələnən qarşıdurma yaza planlaşdırılan Daşkənd görüşünün baş tutmasının səbəblərindən biri olub. Bişkek və Düşənbə arasında dialoq həddindən artıq gərgin və dramatik keçib. Ona görə sammitin xoş ab-havada keçəcəyinə heç bir ümid qalmayıb. Su resurslarından istifadə ilə bağlı Tacikistan və Türkmənistan arasındakı qarşılıqlı ittihamlar da xoş təsir bağışlamayıb.

Yeni stimullar

Məqalə müəllifi qeyd edir ki, Özbəkistan siyasətində kəskin dəyişikliyə imza atan Şövkət Mirziyoyev qeyri-adi addımlara hazır olub. O, ilk növbədə qonşu Tacikistanla əlaqələri qaydasına qoyub. Kərimovun dövründə münasibətlər o həddə çatıb ki, Özbəkistan tərəfi sərhədi minalayıb.

Mirziyoyev hakimiyyətə gəldikdən sonra Daşkənd səhvlərini etiraf etməyə özündə güc tapıb. Publik etiraflar edilməsə də, atılan addımlar yeni rəhbərliyin səmimiliyinə və fəaliyyətindəki ardıcıllığa inanmağa kifayət edib.

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov məsələyə aydınlıq gətirib. O, ölkəsinin sudan məhsul düzəltməyə çalışmadığını, ancaq SES-ləri işçi vəziyyətdə saxlamaq və onların təhlükəsizliyini təmin etmək üçün kifayət qədər vəsait almalı olduğunu qeyd edib.

Bütün bunları keçmişdə həyata keçirilən uğursuz cəhdlərdən sonra yenilənən Mərkəzi Asiya identikliyinin axtarışı adlandırmaq olar.

Mərkəzi Asiya Rusiya deyil

Axtarışların uğurlu olmasına nə zəmanət verə bilər? Sual hələ də aktualdır. Bütün bu xoş niyyətlər hər növbəti sammitdən sonra ağızda qalan dad kimi sarsıntı yaradacaq? Birgə bəyanatlar və məşvərət görüşlərinin təşkili üzrə reqlament identiklik axtarışının yeganə sübutu olacaq?

Daşkənd bu sualların cavabında sammitin konstruktiv ab-havada keçdiyini qeyd edir. Doğrudan da görüşü uğurlu adlandırmaq olar. SSRİ dağıldıqdan bəri region hələ belə bir halla üzləşməyib. Mərkəzi Asiya çətin ki, harasa getmək istəsin. O, daha çox özü ilə məşğul olmaq istəyir, özü də təkcə sərhədləri ilə deyil. Söhbət bir çox cəhətdən regionun “özününkü” hesab etdiyi Əfqanıstandan gedir. Milyonlarla etnik tacik, özbək və türkmən orada yaşayır, lakin onlar qonşu ölkələri öz tarixi vətənləri hesab edirlər.

Maraqlıdır ki, Daşkənd toplantısından öncə Bişkekdə baş tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi ilə bağlı müzakirə edilən tədbirləri nəzərə almasaq, prezident Putin çıxışı zamanı Əfqanıstan məsələsinə bir dəfə də olsun toxunmayıb. Həssaslığı ilə seçilən əfqan müşahidəçilər bu detala diqqət çəkiblər, bunu Moskvanın bilavasitə Əfqanıstana marağının itməsi ilə izah ediblər. Mübahisə etmək çətindir, həmçinin ona görə ki, Mərkəzi Asiya Rusiya deyil.

Mənbə: www.xpressa.net