"Gizli elmlər" hansı sirləri açır? - Elmi-lədun

"Gizli elmlər" hansı sirləri açır?  - Elmi-lədun

Son illərdə maraqlı kitabları ilə oxucularının böyük hörmətini qazanan Paşa Yaqub təzəcə çapdn çıxan “Gizli elmlər” kitabı ilə yenidən onların görüşünə gəlib. Kitabda müəllifin fizika, kimya, biologiya, kibernetika və informatika, daktiloskopiya elmlərinin bəzi sirləri və onların insan ömrü ilə əlaqələri, eləcə də bu elm sahələrinin insan həyatında rolu ilə bağlı maraqlı fikirləri, araşdırmaları, izahları öz əksini tapmışdır. Son dövrlər baş verən bəzi müəmmalı nəqliyyat (təyyarə, qatar və s) qəzaları və onların səbəbləri, eləcə də bu qəzaların Günəş və Ay tutulmaları ilə bağlılığı, bütün bunların müqəddəs “Quran”la izahlı təfsiri oxucuda böyük maraq doğurur.

Geniş oxucu auditoriyasına ünvanlanan bu maraqlı kitabda Kainatın (Kainat fizikanın qanunları ilə idarə olunur) gizli qalan bəzi sirləri araşdırılır, riyazi yolla astronomik hadisələrə (Günəş və Ay tululmalarına) bağlanan bir sıra təyyarə və enerji qəzalarının səbəbləri (pərdəarxası məqamları) açıqlanır və həm də bütün bunlar müəyyən cədvəllərə, “Quran”a söykənən düsturlara əsaslanaraq, məktəblərdə tədris olunmayan batini (“daxili”, “iç” - ərəbcə) elm hesab edilən Elmi-lədunun işığı ilə izahlandırılır. Bu izahlarda yüksək elmə, biliyə, qabiliyyətə sahib olan bəzi peyğəmbərlərdən, müxtəlif kəramət sahiblərindən sitatlar gətirilir. Kitabda əxlaq, düzlük, məhəbbət və s. haqqında da maraqlı, müdrik, tərbiyəvi fikirlər vardır.

 

Bildiyimiz kimi, Paşa Yaqub həm də tibb elmində uğur qazanmış həkimdir. O, elmi-lədun yolu ilə kəşf etdiyi sirləri tibb elminə tətbiq edərək, özünəməxsus müalicə metodu yaratmışdır. Bu müalicə metodu ilə hətta, tibb elminin sağalmaz hesab etdiyi bir çox xəstəlikləri də sağaldaraq, illərlə Azərbaycanda və xaricdəki klinikalarda dərdinə çarə axtaran insanlara şəfa verərək, onları sevindirməkdədir. Kitabın “Təbabətin sirləri” bölümündə müəllif bir çox xəstəliklərin sirlərindən və onların müalicə yollarından bəhs edir. Bu fəsli oxuduqca, Mendeleyevin ölümündən sonra Elementlərin Dövrü Sisteminin saxtalaşdırılması, cədvəldən çıxarılan elementdə hansı sirlərin gizlənməsi oxucuya məlum olur. Bu saxtalaşdırmanın kimya, biologiya elminə vurduğu zərbənin nəticəsidir ki, bu gün tibb elmində bir çox xəstəliklər müalicəsiz hesab edilir. Kitabı oxuduqca məlum olur ki, Paşa həkimin yaratdığı müalicə metodu həmin cədvəldən çıxarılan elementin sirlərinə əsaslanır. Hansı ki, bir zamanlar böyük Alim və ixtiraçı Nikola Tesla bu sirləri bilməklə daimi işləyən mühərriki yaratmış və enerjinin naqilsiz ötürülməsini kəşf etmişdi.

Müəllifə məxsus olan maraqlı araşdırmalar, izahlar oxunaqlı bir dillə oxucuya çatdırılır və əlbəttə, müəllifin özünün də qeyd etdiyi kimi, aqillərin “kəşf”, cahillərin isə, “fantaziya” adlandıracağı bu tipli maraqlı yazıları, fikirləri kitabları gələcəkdə də davam etdirməyə dəyər.

Mən hörmətli qələm dostum Paşa Yaquba həyatda möhkəm can sağlığı, elmi-ədəbi yaradıcılığında və həkimlik fəaliyyətində uğurlar arzulayıram. Arzu edirəm ki, maraqlı araşdırmaları ilə böyük rəğbət qazanmış Paşa Yaqub bundan sonra da bu tipli kitabları ilə sevimli oxucularını tez-tez sevindirsin.

 

Mənbə: moderator.az