Tədrisə qaydalara əməl edilməklə başlandı

Tədrisə qaydalara əməl edilməklə başlandı

15 sentyar tarixindən 2020–2021 ci tədris ilinə start verildi. Yasamal rayonundakı 53 saylı tam orta məktəbdə də COVID-19 pandemiyası ilə əlaqədar təhsilalanların və təhsilverənlərin sağlamlığını qorumaq məqsədi ilə operativ qərargah tərəfindən qoyulan bütün tələblərə əməl olundu. Bu fikirləri bizimlə söhbətində məktəbin direktoru Tünzalə ZEYNALOVA bildirdi. O dedi:

– Ənənəvi dərs ilindən fərqli olan builki tədris ili yeni qaydalara, yeni tələblərə uyğun başladı. Belə ki, bir neçə gün öncədən məktəbin həyəti, sinif otaqları, ümumi istifadə yerləri dezinfeksiya edilib, tədris müəssisəmiz məktəblilərin istifadəsi üçün dezinfeksiyaedici məhlullarla təmin olunub. Bilik günü məktəbə daxil olan şagirdlərin hər birinin əlləri gigiyenik tələblərə uyğun olaraq spirtlə dezinfeksiya edildi .

Eyni zamanda, müəllimlərin özlərini məktəbdə, sinif otaqlarında koronavirusa yoluxmaqdan qoruma­sı üçün verdiyi tövsiyələrə uyğun olaraq, sinifdə dərs zamanı, müəllimlərin üzünün şəffaf ekranla bağ­lanmasına əməl edilib. Bu ekranlar hər 3 saatdan bir dezinfeksiya olunmalıdır. Uşaq­larla təmasda ara məsafəsi təmin edilib. Müəllimlərə bildirilib ki, əllərini jurnal, uşaqların kitabı, dəftərinə əlcəklə toxundursunlar. Onlar sinifdə hər 1 saatdan bir su ilə boğazlarını yaxalamalı və su içməlidirlər. Uşaqların başı üzərində çox dayanmaq, əllə onların üzünə, burnuna, başına toxunmaq olmaz. Müəllimin masası hər 45 dəqiqədən bir dezinfeksiya ediləcək. Hər dərsdən sonra əllər isti su və sabunla yuyul­malı, hər 2 saatdan bir təmiz havaya çıxıb maskasız tənəffüs alınmalıdır. Sinif otaqlarının hər dərsdən sonra pəncərələri açılacaq, otaqların havası dəyişdiriləcək. Müəllimlər bilirlər ki, evə getdikdən sonra telefon, ayaqqabı, çanta dezinfeksiya olunmalı, geyimlər yuyulmalıdır.

53 saylı tam orta məktəbdə tədris "Xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planı"na əsasən 15 sentyabrdan 2 gün əyani, 4 gün distant olmaqla I-IV siniflər, V-XI siniflər isə distant formada təşkl edilib.

İlk dərs məşğələləri I-IV siniflərdə "Gigiyena qaydalarına necə əməl edirəm", V-IX siniflərdə "Müstəqil öyrənmə bacarığı müasir dövrün tələbidir", X-XI siniflərdə "Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir!" mövzularına həsr edildi.

Bütün Azərbaycan ictimaiyyətini ,təhsilalanları və təhsilverənləri təbrik edir, təhsil uğurları diləyirik!

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com