Ümumdünya Meteorologiya Təşkilatı: Meteoroloqlar fırtınalara ad qoymaqda çətinlik çəkirlər

Ümumdünya Meteorologiya Təşkilatı: Meteoroloqlar fırtınalara ad qoymaqda çətinlik çəkirlər

Bakı, 16 sentyabr, AZƏRTAC

Qızmar yay bütün əvvəlki rekordları yeniləyərək dağıdıcı yanğınlarla nəticələnib, fırtınalar mövsümü isə o dərəcədə intensiv olub ki, meteoroloqlar onlara ad qoymaqda çətinlik çəkirlər. Bu barədə Ümumdünya Meteorologiya Təşkilatından (ÜMT) bildiriblər.

AZƏRTAC BMT-nin saytına istinadən xəbər verir ki, isti və yanğınlardan ən çox zərər çəkən ABŞ-ın qərb sahilləridir.

Builki yay fəsli Şimal yarımkürəsində ən isti hesab edilir: iyun ayından avqustadək havanın orta temperaturu müvafiq orta göstəricidən 1,17 dərəcə Selsi yüksək olub. Güclü istilər xüsusən avqust ayında Avropada, Mərkəzi və Şimali Rusiyada, Çinin cənub-qərbi rayonlarında və ABŞ-ın qərbində qeydə alınıb. Qeyri-adi istilər dağıdıcı yanğınlara səbəb olub.

ABŞ-ın qərb sahillərində baş verən yanğınlar bütün rekordları yeniləyib. Kaliforniya, Oreqon və Vaşinqton ştatlarında bir çox yaşayış məntəqələri yer üzündən silinib, minlərlə insan təxliyə olunmaq məcburiyyətində qalıb.

Onlarca sakin zərər çəkib, ölənlər var. Alov səmanı narıncı rəngə boyayıb, qərb sahilboyu 2 kilometrdən çox sahəni əhatə edən tüstü buludu ilə örtülüb. Yanğınlarla 16 mindən artıq yanğınsöndürən məşğul olur.

Meteoroloqların məlumatına görə, ilin əvvəlindən yanğınlar Kaliforniyanın 32 min kvadratkilometr sahəsini məhv edib. Bu, Konnektikut ştatı bütövlükdə götürüldükdə daha böyük sahədir.

Ekspertlər xatırladırlar ki, yanğınlara şimşək və insanların ehtiyatsız hərəkətləri səbəb ola bilər. Məsələn, ABŞ-da ötən il 41.599 yanğın qeydə alınıb, bunlardan 36.383-ü insanların ehtiyatsızlığı üzündən baş verib.

Yanğınların sürətlə yayılmasına isə iqlim və hava şəraiti öz təsirini göstərir. Məsələn, ABŞ-ın qərbində bu ilin birinci yarısında quraqlıqların artması müşahidə edilib. Avqustda vəziyyət daha da pisləşib: quraqlıq və yüksək temperaturun səviyyəsi 7 faiz qalxıb, bununla da quraqlıq ABŞ ərazilərinin 40 faizini əhatə edib.

ÜMT ekspertləri xəbərdarlıq edirlər ki, güclü küləklər və aşağı rütubətlilik səbəbindən Kaliforniyanın şimal-qərbində vəziyyət bu həftə ərzində çətin ki, düzəlsin. Yanğın təhlükəsi Mərkəzi və Cənubi Kaliforniyada artacaq, bütün ştat üzrə güclü tüstü dumanı qalmaqda davam edəcək.

Atlantik okeanı regionunda isə fırtınalar tüğyan edir. Onların sayı o qədər çoxdur ki, fırtınalara ad verən meteoroloqlar bütün əlifbanı sərf edə bilərlər.

Bazar ertəsi ABŞ Milli Mərkəzi Atlantik körfəzinə təhlükə yaradan 5 tropik siklon barədə eyni vaxtda xəbərdarlıq edib. Bunlar “Polett” fırtınası, “Rene” tropik siklonu, “Salli” fırtınası, “Teddi” və “Vikki” tropik siklonlarıdır.

Bir regionda belə sayda fırtına və siklonların olması yeni rekord müəyyən edib.

Meteoroloqlar fırtınalara adlar qoyarkən onlar ÜMT-nin siyahısını rəhbər tuturlar. Həmin siyahıda adlar ingilis əlifbası sırasında yerləşdirilir. Siyahıdan hər 6 ildə yenidən istifadə olunur, özü də kişi və qadın adları bir-birinin ardınca gəlir. Əgər hansısa fırtına xüsusilə güclü və dağıdıcı olubsa, o halda onun adı daha istifadə olunmur.

2020-ci ildə fırtınalar mövsümü o dərəcədə fəal olub ki, bazar ertəsi meteoroloqlar artıq T (“Teddi”) hərfinə çatıblar. Mövsüm adətən noyabradək davam etdiyindən indi yeni fırtına üçün yalnız bir ad qalır – “Uilfrid”. Q, U, X, Y və Z hərfi ilə başlanan adları tapmaq çox çətindir, bu səbəbdən də fırtınaların adlandırılmasında onlardan istifadə edilmir.

Yalnız bircə yol qalır – yunan əlifbasına keçmək (Alfa, Beta, Qamma, Delta, Epsilon, Zeta, Eta, Teta və s.). İndiyə qədər yalnız bircə dəfə - 2015-ci ildə belə rekord qeydə alınıb. Həmin il “Katrina”, “Rita” və “Uilma” kimi dağıdıcı fırtınalarla yadda qalıb.

Mənbə: azertag.az