"Şəhadətnaməsində 2 olduğu üçün sinif rəhbəri və direktor uşağı məktəbdən kənarlaşdırmaq istəyir" — İDDİA

"Şəhadətnaməsində 2 olduğu üçün sinif rəhbəri və direktor uşağı məktəbdən kənarlaşdırmaq istəyir"     — İDDİA

Bakı şəhəri, Xətai rayonunda yerləşən 95 saylı tam orta məktəbin 9d sinif şagirdi Şirinova Aylinin valideyni Xəyalə Şirinova həmin sinfin rəhbəri və məktəb direktorundan şikayətçidir.


Bu barədə Yeniavaz.com-a müraciət edən valideyn, övladı 9 illik buraxılış imtahanında riyaziyyat fənnindən iki aldığı üçün sinif rəhbəri və direktorun uşağı məktəbdən kənarlaşdırmaq istədiyini iddia edib:


“Müəllimə 9 illik buraxılış imtahanından sonra şagirdlərin imtahan nəticələrini hesablayıb valideynlərə məlumat verirdi. Mənə də dedi ki, Aylin imtahandan keçib, ikinci imtahanda iştirak etməsə də olar. Bir tək riyaziyyat müəlliməsinin ümidinə qalıb, o 4 də yaza bilər, 3 də. Riyaziyyat müəlliməsi də əvvəldən demişdi ki, mən sənə qiymət yazmayacağam.


Dərsdə uşağa test vərəqlərini belə vermirdi ki, sən onsuz da yaza bilmirsən. Bir müddət keçəndən sonra test vərəqlərini verirdi. Uşağın ümidlərini qırıb, niyə vərəqləri verirsən? Uşaq bildiyini yazacaq, bilmədiyini də boş qoyub geri qaytaracaq. Uşaqla bildiyiniz düşmənçilik edirdi, bilmirəm niyə. Ötən gün məktəbin direktoru Abdullayev Elçin mənə dedi ki, sənin övladın iki alıb və mən onu heç bir təmayül sinfinə keçirdə bilmərəm. Halbuki 95 saylı məktəb 11 illik tam orta məktəbdir. Mənim qabağıma bir kağız qoydu ki, valideynlərin təsdiqi ilə biz təmayül məktəbi yaratmışıq. Mən də valideynəm. Bəs mənim niyə xəbərim yoxdur? Mənim kimi xəbəri olmayan neçə valideyn var. Belə çıxır ki, öz aralarında qərar veriblər”.


Həmsöhbətimiz qızını başqa məktəbə aparmaq istədiyini, lakin məktəblərin qəbul etmədiyini bildirdi:


“Qızımı başqa məktəbə apramaq istədim. Orada da mənə dedilər ki, iki qiyməti olan uşaq mənə lazım deyil. Əgər uşaq yaxşı oxuyursa, öz təhsil aldığı məktəb saxlayıb oxutsun. Mənim övladım niyə havada qalmalıdır? Qız uşağıdı hazırlığa gedir,onun da gələcəklə bağlı planları var. 9-cu sinifdə həmin məktəbdə uşaqların əksəriyyəti iki alıb. Onlara da deyirlər ki, uşaqlarınızı məktəbdən uzaqlaşdırın, aparın bir sənətə qoyun. 29 nömrəli tam orta məktəblə də maraqlandım. Dedilər qanunlar dəyişib iki qiyməti olan şagirdi qəbul etmirik”.


9-cu sinif şəhadətnaməsində iki qiyməti olan şagird həqiqətənmi tam təhsilə davam edə bilməz? Bu suala cavab tapmaq üçün. Təhsil eksperti Qoşqar Məhərrəmovla əlaqə saxladıq. O, Yeniavaz.com açıqlamasında bildirdi ki, həmin şagirdin növbəti sinifə keçməsində heç bir maneə yoxdur:


“9 illik şəhadətnaməsində iki qiyməti olduğu üçün 10-cu sinifə başlaya bilməz, deyə bir qayda yoxdur”.


Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədovla əlaqə saxladıq. Qurumun sözçüsü Yeniavaz.com-a açıqlamasında məsələnin araşdırılacağını bildirdi.


Eyni zamanda məktəblə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.


Demokrat.az

Mənbə: demokrat.az