Mingəçevirdəki İES-in mühafizəçiləri: "Bizə işdən çıxmağımız üçün təzyiqlər ediblər" — RƏSMİ MÜNASİBƏT

Mingəçevirdəki İES-in mühafizəçiləri: "Bizə işdən çıxmağımız üçün təzyiqlər ediblər"     — RƏSMİ MÜNASİBƏT

Mingəçevirdə yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasının (İES) mühafizəsini həyata keçirən işçilər kütləvi şəkildə işdən çıxarılıb.


Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat işdən çıxarılan işçilərin sosial şəbəkələrdə yayılan video müraciətində qeyd olunur.


Yayılan müraciətdə bildilir ki, bu ilin iyun ayında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin Hərbiləşmiş Mühafizə Dəstəsinin işçiləri olan və "Azərbaycan" İES-in mühafizəsini həyata keçirən 12 nəfər qanunsuz şəkildə işdən çıxarılıb.


Mühafizə xidmətinin işdən çıxarılan əməkdaşlarından biri - Səməd Əsədov bildirir ki, onlar iyun ayının 23 və 24-ü tarixlərində 24 saatlıq iş rejimində çalışıblar və bu zaman onların nəzarət etmədiyi sahədən İES ərazisinə kimlərsə icazəsiz daxil olub. “Eyni zamanda İES ərazisinə daxil olan avtomobilin alt hissəsində hansısa maddəni içəri keçiriblər”, - deyən S. Əsədovun sözlərinə görə, onlara avtomobillərin alt hissəsinə baxış keçirmək barədə tapşırıq verilməyib və bugünə kimi heç bir avtomobilin alt hissəsi yoxlanılmayıb.


Səməd Əsədov və işdən çıxarılan digər işçilər iddia edirlər ki, bu cür məsələləri onlara irad kimi bildiriblər və onlardan tələb ediblər ki, ya özünüz öz xoşunuzla ərizə yazıb işdən çıxın, ya da sizi Əmək Məcəlləsinin “70 Ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən işdən çıxaracağıq.


Ölkə Prezidenti İlham Əliyeva və vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayan işçilər bildirirlər ki, bu cür kiçik məsələləri bəhanə edərək onlara işdən çıxmaları üçün təzyiqlər ediblər.


Məsələ ilə bağlı, "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayevlə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri bildirdi ki, işdən çıxarılandan sonra, indi şikayət edən bu şəxslər ölkənin ən strateji elektrik stansiyaları olan “Azərbaycan” İES və “Mingəçevir” SES-in mühafizəsinə cavabdeh olan hərbiləşdirilmiş mühafizə dəstəsinin əməkdaşlarıdır: “Nəzərə alınsa ki, Azərbaycan müharibə şəraitində olan ölkədir, onda bu strateji obyektlərdə çalışan əməkdaşların səhlənkarlığa yol verməsi əlbəttə ki, bağışlanası məsələ deyil. Bu adamlar durduqları yerdə işdən çıxarılmayıblar.


Strateji obyektlərin mühafizəsinin sayıqlığını yoxlamaq, təhlükəsizliyi yüksək səviyyədə təşkil etmək üçün mövcud vəziyyət nəzərə alınaraq şərti əməliyyat keçirilib. Bu əməkdaşlar isə nəinki şərti əməliyyata reaksiya verib, heç bundan xəbərləri olmayıb. Yəni kameralara nəzarət edə bilməyən, posta yatan bəzi əməkdaşlar keçirilən şərti əməliyyata ən bağışlanılmaz formada sıfır təpki göstəriblər. Ona görə də həmin əməkdaşlar Əmək Məcəlləsinin müvafiq maddəsi ilə “əmək funksiyasını pozduqlarına görə” işdən azad olunublar”.


Məlumat üçün bildirək ki, 2018-ci ilin 2-3 iyul tarixlərində baş verən qəzadan bir müddət sonra "Azərbaycan" İES-in mühafizə edən "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-də çalışan işçilərin işdən çıxarılması barədə xəbərlər yayıldı. O zaman işdən çıxarılan işçilər ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edərək baş verən qəzada onların heç bir günahının olmadığı və işə bərpa olunmalarını xahiş etdilər. Ötən ilin yanvarın 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə "Azərenerji" ASC rəhbərliyinə göstəriş verib. Birinci vitse-prezidentin göstərişindən sonra işçilərin bir hissəsi digər sahələrdə, bir hissəsi isə əvvəlki iş yerlərində - mühafizə xidmətində işlərini davam etdirməyə başlayıblar.


İşçilər iddia edirlər ki, bir müddətdən sonra onların yenidən sıxışdırmağa və işdən çıxarmağa başlayıblar.


Onu da bildirək ki, ötən ilin avqust ayında "Azərenerji" ASC-nin "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-nin 2 saylı hissəsinin işçiləri də (Şirvan şəhəri) Prezident İlham Əliyevə müraciət ünvanlayaraq qanunsuz olaraq işdən çıxarıldıqlarını yazıblar.


Demokrat.az

Mənbə: demokrat.az