Belarusun müxalif kanalı qadınların yürüşünü zorla dağıdan polislərin məlumatlarını yaydı

Belarusun müxalif kanalı qadınların yürüşünü zorla dağıdan polislərin məlumatlarını yaydı

Belarusun müxalifyönümlü “NEXTA Live” telegram kanalı dünən paytaxt Minskdə “Qadın marşı”nın zorakılıqla dağıdılmasından sonra güc strukturunun mindən çox mənsubunun şəxsi məlumatlarını yayımlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, kanal bu barədə hələ bir həftə öncə dövlət rəsmilərinə xəbərdarlıq etdiyini də yazıb.

Xəbərdə DİN əməkdaşlarının məlumatlar bazasının kiber-partizanlar sayəsində ifşa olunduğu qeyd edilir. “NEXTA” qanunsuz həbslərin sürdüyü təqdirdə mitinqlərdə xüsusi canfəşanlıq edən daha çox DİN mənsubunun məlumatlarını yayacağını bildirib. Burada onların adları, soyadları, valideynlərinin kimlikləri, anadan olma tarixləri, xidmət etdikləri bölmə və rütbələri dəqiqliklə göstərilir.

Bundan başqa, kanalda Belarus DİN-in xüsusi təyinatlı “Almaz” bölməsinin 7 zabitinin məlumatı, hətta onların ev ünvanları nümayiş etdirilib.

“Conflict Intelligence Team” təşkilatı Belarusda prezident seçkilərindən sonra baş verən toqquşmalarda ilk qurban sayılan Aleksandr Taraykovskinin məhz bu bölmənin əməkdaşları tərəfindən öldürülə biləcəyini bildirib.

“Qarşılıqlı əvəzləşməyə xoş gəlmisiniz. Bir halda ki, hamı susur, o zaman hamınız etdiyiniz cinayətə görə cavab verəcəksiniz”, - deyə, NEXTA-nın bəyanatında vurğulanır.

Mənbə: cia.az