Azərbaycanda Aliment Fondu nə üçün yaradılmır?

Azərbaycanda Aliment Fondu nə üçün yaradılmır?

Redaksiyamıza şikayət daxil olub.Əliyeva Minarə müraciət edərək bildirib ki, 2013-cü ildə həyat yoldaşından ayrılıb. Bir övladları var və məhkəmə qərarı ilə ata hər ay övladına 63 manat ödəməlidir. Lakin ata boşanan gündən yoxa çıxıb. Nə ödəmə var, nə övladının taleyi ilə maraqlanma. Yoxa çıxmağı məcazi mənada dedik.

Əslində ata əvvəlki evində yaşayır və köhnə iş yerində də işləyir. Amma nə sirdisə icra məmurlarının gözünə görünmür. Yəni bu illüziya bir tək icra məmurları üçün keçərlidir. Həsən Muradovu hamı görür, məhkəmə görmür ki , aliment ödəməyə məcbur etsin. Aliment davaları Azərbaycanda həllini tapmamış bir problemdir. Hələ dövlətdən uşaq pulu davası edib haqqını ala bilməyən Azərbaycan qadını boşanmış və övladını tək böyüdən qadın olunca alimenti almaq daha böyük səylər tələb edir və bunun qanuni tənzimlənməsi yarıtmazdır.Belə ki , valideyn alimenti ödəmirsə saxlanılır, buraxılır vəssalam. Minarə Əliyeva deyir ki, keçmiş həyat yoldaşını bir dəfə saxlayıb 500 manat cərimələyiblər. ”500 manat məhkəmə onu cərimələdi. Ödədi dövlətə. Burdan mənim balama nə çatdı heç nə.Bir dəfə də tutdular, 15 sutka yatdı çıxdı. Cəzasını çəkdi yenə pul ödəmədi”.

Örən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Hicran Hüseynova alimentini verməyən kişilərin ölkədən çıxışına qadağa qoyulmasını təklif etmişdi.

Dünya təcrübəsində aliment verilməyəndə Aliment Fondu verir, ancaq kişi sonra Aliment Fonduna ikiqat artıq vəsait ödəyir. Azərbaycanda da Aliment Fondunun yaradılmasını bir neçə deputat təklif etsə də hələlik məsələ həllini tapmayıb.

Ölkə qanunlarına görə, aliment sabit məbləğdə və aylıq qazancın bir hissəsindən tutulmaqla iki cür olur. Burada əsasən uşağın əvvəlki yaşayış səviyyəsini qoruyub saxlamaq üstün tutulur. Alimentin sabit məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır, bu gün bu məbləğ 160 manatdır. Aliment əmək qabiliyəti və maddi imkanı olan valideyndən tutulur. Uşaq kimin himayəsinə verilirsə, aliment qarşı tərəfdən alınır. Uşaq əgər atanın himayəsinə verilibsə, ana aliment ödəməlidir. Hətta nənədən, babadan da aliment tutula bilər. Valideyn həyatda yoxdursa yaxud fəaliyyət qabiliyyəti yoxdursa, əmək qabiliyyəti və maddi imkanı olan nənə və babadan aliment tutula bilər. Qanunvericilik deyir ki, əmək qabiliyyətin varsa, işləyib uşaqlarını saxlamalısan. Alimentin məbləği ödəyən tərəfin maddi vəziyyətinin pisləşməsi, yenidən ailə qurması, eyni zamanda qarşı tərəfin maddi vəziyyətinin yaxşılaşması nəticəsində məhkəmə qaydasında azaldıla bilər. Uşağı saxlamaq təkcə aliment verən tərəfin yox, hər iki valideynin borcudur. Ola bilər ki, uşaq anada qalır. Bir müddət sonra uşaq böyüyür, ana da yüksək maaşlı bir işdə işləyir. Bu zaman ata alimentin azaldılması üçün məhkəməyə müraciət edə bilər. Yekun qərarı isə hakim verir.

Aliment ödəyən şəxs işsizdirsə, ilk növbədə icra məmuru onu Məşğulluq Xidmətinə göndərib işlə təmin olunmasına köməklik etməlidir.

Birinci qrup əlillər tam əmək fəaliyyəti olmayan şəxslər olduğu üçün onların pensiyasından tutula bilməz, amma alimentin tutulması məhdud fəaliyyət qabiliyyəti olan şəxslərin pensiyasına yönəldilə bilər.

Şikayətçimizin xahişi əsasında keçmiş həyat yoldaşının saxlanıla bilməməsini isə bizə vəkil Əvəz Teymurov belə açıqladı.

“İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aliment ödəməyən şəxs məsuliyyətə o halda cəlb oluna bilər ki, o icra məmurunun qanuni tələblərinə əməl etməsin. Misal üçün aliment ödəməli olan şəxs icra məmurunun çağırışlarına gəlməsin və yaxud icra məmurundan əmlakını bilə-bilə gizlətsin və s. Bu isə o deməkdir ki, şəxs sadəcə alimenti ödəyə bilmədiyinə görə 528.1-ci maddəyə əsasən məsuliyyətə cəlb edilə bilinməz”.

Hər bir halda aliment problemlərində əziyyəti çəkən uşaq olur. Bu məsələnin həllinə dünya praktikasındakı kimi Aliment Fondu yaratmaqla başlamağın zamanı çoxdan çatıb.

İlhamə

Mənbə: www.bizimyol.info