Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması - Mütəxəssis məsləhəti

Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması - Mütəxəssis məsləhəti

Kənd Təsərrüfatı Nazirliyi qoyun və keçi saxlayan fermerləri nayrobi xəstəliyi ilə əlaqədar maarifləndirir.

Cebhe.info xəbər verir ki, nazirliyin məlumatına görə, nayrobi itigedişli infeksion xəstəlik olmaqla yüksək hərarətlə və hemmoroji qastroenteritlə səciyyələnir.

Törədicisi: Nayrobi xəstəliyinin törədicisi bunyavirus ailəsinə mənsub olan virusdur.

Epizootoloji xüsusiyyətləri: Təbii şəraitdə xəstəliyin törədicisinə yaşından və cinsindən asılı olmayaraq qoyun və keçilər həssasdır. İnfeksiya törədicisinin mənbəyi gənələr hesab olunur. Amil orqanizmdə uzun müddət qalır və müxtəlif vasitələrlə ətraf mühitə yayılır.

Qoyun və keçilərdə eksperimental yolla xəstəlik törətmək mümkündür. At, donuz.it, adadovşanı, hind donuzu və ağ siçanlar bu xəstəliyə yoluxmurlar. Cavan heyvanlar yaşlılara nisbətən nayrobi xəstəliyinə daha çox tutulurlar.

Gedişi və kliniki əlamətləri: Təbii yoluxma zamanı inkubasiya dövrü 36 saatdan 16 günə qədər, eksperimental yoluxdurmada isə 48 saata qədər davam edir.

Xəstəlikdə ilk kliniki simptom temperaturun qəflətən 41-41,6°C-yə qədər yüksəlməsi və 2-3 gün eyni səviyyədə qalmasıdır. Sonra temperatur normaya enir və ölüm qabağı subnormal olur. heyvanda ümumi vəziyyətin ağırlaşması, nəbzin tezləşməsi, tənəffüsün çətinləşməsi, burun yolundan selikli-irinli bəzən qanlı axıntı müşahidə edilir. İshal zamanı nəcisdə qan müşahidə olunur. Boğaz heyvanlarda balasalma baş verir. Xəstəlik orta hesabla 6 gün davam edir və çox vaxt ölümlə nəticələnir.

Qoyunlara nisbətən keçilərdə xəstəlik yüngül formada gedir və temperatur 3-5 gün normadan artıq olduqdan sonra aşağı enir və heyvanlar tədricən sağalır. Ancaq sağalmış heyvanlar uzun müddət zəif olur və onlarda anemiya müşahidə edilir.

Nayrobi xəstəliyi zamanı keçilərdə 10%, qoyunlarda isə 30-70% ölüm baş verir.

Patoloji-anatomik dəyişikliklər. Qoyunlarda müxtəlif dərəcəli hemorroji qastroenterit və daxili orqanlarda isə degenerativ-nekrotiki iltihab müşahidə edilir.

Yoğun bağırsağın selikli qişasında hemorroji iltihab, eroziya və yaralar görünür. Bağırsaq möhtəviyyatı yaşılımtıl olmaqla içərisində qan nəzərə çarpır. Dalaq böyüyərək, pulpası qatı və dənəvər olur. Limfa düyünləri böyümüş və hiperemiyalı olur. Böyrək kapsulası asan soyulur və onun qabıq hissəsində qan sağıntıları nəzərə çarpır. Nayrobi xəstəliyinə xas olan nefrit inkişaf edir. Bronx və traxeyaların selikli qişasında hiperemiya və qan sağıntıları olur. Ürək kisəsində şəffaf serozlu eksudat ürək əzələsində isə qan sağıntıları nəzərə çarpır.

Cinsiyyət üzvləri iltihablı olur ki, belə hal boğaz heyvanlarda daha qabarıq formada görünür. Belə ki, bala və döl pərdələrində iltihab və qan sağıntıları amniyon (döl ətrafı maye) mayesində qan müşahidə edilir.

Müalicəsi: Spesifik müalicə vasitəsi yoxdur. Yalnız simptomatik müalicə aparılır.

İmmunitet: Xəstəlikdən sağalmış heyvanlar uzun müddət həmin xəstəliyin törədicisinə davamlı olur. Qoyunlardan alınmış hiperimmun serum hemolitik xüsusiyyətli olmaqla müalicə xassəsinə malik deyil.
Xəstəliyin spesifik profilaktikası üçün siçanlardan keçirilməklə zəiflədilmiş diri vaksindən istifadə olunur. Bundan başqa Enbebbə ştammını siçanların beynindən 140150 dəfə passaj etməklə hazırlanmışdır.
Profilaktika və mübarizə tədbirləri: Xəstəliyin profilaktikasında amilin keçiriciləri olan gənələrin məhvi əsas sayılır. Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda gənələrə qarşı qoyunlar 3-7 günlük fasilələr ilə çimizdirilməlidir. Yaxşı olar ki, həmin təsərrüfatlarda buzovlar da çimizdirilsin, çünki bunlar virusdaşıyan heyvanlardır.

Xəstəlik müşahidə edildikdə bütün xəstə heyvanlar ayrılır və ət üçün kəsilir. Gənələrə qarşı dezinfeksiya aparılır. Amillə yoluxmuş otlaq sahələri 18 aya qədər qoyunları yoluxdura bilər. Ona görə də nayrobi xəstəliyində stasionarlıq mövcuddur.

Cari dezinfeksiya məqsədilə təsərrüfatlarda 2%-li natrium qələvisi, 5%-li kükürd-karbol turşusu qarışığı və 10%-li xlorlu əhəngdən istifadə edilir. Peyin və döşənək materialı toplanaraq biotermiki üsulla zərərsizləşdirilir.

Onu da qeyd edək ki, nayrobi xəstəlik əsasən Afrika qitəsi ölkələrində, xüsusilə yüksək dağlıq ərazilərində geniş yayılmışdır. Bu xəstəlik Azərbaycanda hələlik qeydə alınmamışdır.

Cebhe.info

 

Mənbə: cebhe.info