"Əlində telefonu olan oxucu elektron mediaya müraciət edir, qəzet oxumur" - Elman Babayev

"Əlində telefonu olan oxucu elektron mediaya müraciət edir, qəzet oxumur" - Elman Babayev

Bir neçə gündür, Azərbaycanda “Kütləvi informasiya vasitələri haqqında” qanunun dəyişdirilməsinin vacibliyi ilə bağlı müzakirələr gedir. İndiki məqamda bu nə dərəcədə zəruridir? Həqiqətənmi mətbuatla bağlı yeni qanun işlənməlidir?

Məsələyə birbaşa keçid etsək, 21 il əvvəl 1999-cu ildə qəbul olunan qanun zaman-zaman müəyyən kiçik dəyişikliklərə məruz qalsa da, onun bütövlükdə bugünün tələblərinə cavab vermədiyini birmənalı olaraq vurğulamaq mümkündür. Ötən 21 ildə tamamilə dəyişən mətbuatın qanunla əlaqəsi demək olar ki, itib. Həmin vaxt daha çox çap mətbuatının fəaliyyətinin tənzimlənməsi nəzərdə tutulub və qanunda bugünümüzün reallığı olan yeni media quruluşları ilə bağlı heç bir maddə yoxdur. Bu gün kiminsə YouTube və ya hansısa sosial şəbəkə hesabı üzərindən açdığı internet tv-yə mətbuat kimi yanaşırıqsa, bəs həmin tv-nin fəaliyyəti hansı qanunla tənzimlənir? Azərbaycan vətəndaşı qəzet oxumursa, daha çox məlumatları sosial mediadan, internet tv-lərdən alırsa, bütün bunların fəaliyyətinin qanundan kənarda qalması nə dərəcədə məntiqlidir?

Burada söhbət heç də yeni media quruluşlarının fəaliyyətlərinin hansısa formada məhdudlaşdırılmasından getmir. İnternetin azad olduğu bir məkanda bunu etmək mümkün deyil. Sosial şəbəkələrin, internet medianın inkişaf etdiyi hazırkı dövrdə qanun da bütün KİV-lərin səmərəli fəaliyyətini tənzimləmək iqtidarında olmalıdır. Mövcud qanun jurnalistlərin sosial müdafiəsi, onların əmək hüquqlarının qorunması, yeni media qurumlarının qeydiyyatı kimi vacib məsələləri də əhatə etmir.

Bütövlükdə internet medianı və sosial şəbəkələri də əhatə edən yeni qanunların qəbul edilməsi zərurəti yaranıb. Təkcə “Kütləvi informasiya vasitələri haqqında” qanun deyil, “Televiziya və radio yayımı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və digər qanunlar da medianın fəaliyyətini və informasiya ilə bağlı məsələləri effektiv tənzimləmir.

Qeyd olunan qanunların vaxtilə beynəlxalq qurumlarla birgə hazırlandığını irəli sürüb həmin sənədləri ideallaşdırmaq, yeni qanunun hazırlanmasının əleyhinə çıxmaq isə səhv yanaşmadır. Kim indidən iddia edə bilər ki, yeni qanun hazırlanarsa, bu, bütün parametrlərinə görə əvvəlkindən yaxşı olmayacaq?

Məsələni qanunun dəyişməsinə yox, Azərbaycanda mətbuatla bağlı siyasətin dəyişdirilməsinin vacibliyinə yönəltməklə də razılaşmaq mümkün deyil. Azərbaycan Prezidenti səviyyəsində mətbuata hərtərəfli dəstək ifadə olunub. Bu gün güclü mətbuat hamıdan çox hakimiyyətə lazımdır. Niyyət nələrisə məhdudlaşdırmaq olsaydı, bunu qanunu dəyişmədən də etmək də olardı…

Məqsəd günümüzün reallıqlarını ifadə edən, mətbuatın inkişafına xidmət edən qanununun hazırlanması olmalıdır və bütün fəaliyyət də buna yönəlməlidir.

Uzun müddətdir ki, Azərbaycanda qəzetlərin oxunmaması, onların yerini sosial medianın, internet saytların tutması heç kimə sirr deyil. Hətta 10 il bundan öncə baş yazarlar tərəfindən qəzetlərin satılmaması fonunda onların tamamilə bağlanacağı və çap mətbuatının sıradan çıxacağı istiqamətində həyacan təbili çalınırdı. Bu, indi günümüzün danılmaz reallığıdır.

Fakt budur ki, dövr dəyişib, fəaliyyəti internet üzərindən qurulan media çap mətbuatını üstələyib. Bütün dünyada baş verən prosesdən elektron və sosial medianın ənənəvi mətbuatı sıradan çıxarması gerçəkliyindən qaçmaq mümkün deyil. Əlində telefonu, masası üzərində kompyüteri olan oxucu elektron mediaya daha çox müraciət edir, nəinki qəzetlərə. Ciddi, ətraflı təhlillər də oxunmur. Hamı elektron və sosial mediada hər dəqiqə yenilənən qısa informasiya arxasınca qaçır.

İllərdir, dövlət KİVDF-nin xətti ilə maliyyə ayırır və bu vəsait çap mediasının yaşaması üçün süni nəfəs rolunu oynayır. Prezidentin bu dəstəyi ilə Azərbaycan milli mətbuatı sıradan çıxmaq təhlükəsindən qurtulub. Bu gün əksər dövlətlərdə cəmi bir neçə mərkəzi qəzet çıxsa da, Azərbaycanda KİVDF 10-larla qəzetə maliyyə ayırır.

Zaman diktə edir ki, bütün mətbuatın fəaliyyətini tənzimləyən, onların inkişafına töhfə verən yeni qanun hazırlansın. Bunu yüksək səviyyədə gerçəkləşdirmək isə həm peşəkar jurnalistlərdən, həm də ekspertlərtdən böyük əmək sərfi gözləyir…

Elman Babayev

KONKRET.az

Mənbə: konkret.az