İkinci dalğa başlamayıbsa, yoluxma niyə artır? - Həkimlər səbəb göstərdi

İkinci dalğa başlamayıbsa, yoluxma niyə artır? - Həkimlər səbəb göstərdi

Yeni növ koronavirusla mübarizə davam edir. Lakin bəzi Avropa ölkələrində virusa yoluxanların sayında yenidən artım müşahidə edilib.

İspaniya hökuməti koronavirusla mübarizə çərçivəsində paytaxt Madridə hərbçiləri cəlb edəcək. Bunu ölkənin Baş naziri Pedro Sançes bildirib.

Onun sözlərinə görə, paytaxtda virusla mübarizə üçün xüsusi plan tələb olunur. Qeyd olunub ki, hərbçilər Madriddə sanitar tədbirlərə əməl olunmasına nəzarət edəcək və dezinfeksiya işlərini keçirəcək.

Çex Respublikasında koronavirusa yoluxanların sayı artıb. Səhiyyə Nazirliyi COVID-19 xəstələrinin sayının artması səbəbindən vəzifəsindən gedib. Adam Voytex istefa verməsini koronavirusa yoluxanların sayının artması ilə əlaqələndirib:“Çox düşünəndən sonra vəzifəmdən istefa vermək qərarına gəldim”.

O əlavə edib ki, bununla koronavirusun yayılmasına qarşı yeni həll yolları açmaq istəyib. Ölkənin Nazirlər Kabineti başçısı 18 sentyabrda Voytexin istefası ilə bağlı ona verilən sualı yersiz hesab edib, çünki nazir “tarixdə heç kimin həll etmədiyi problemləri həll etməlidir”.

Bütün bunlar Avropada yeni dalğanın təxminlərdən daha əvvəl başladığına dair müzakirələrə səbəb olub. Belə ki, koronavirusun yayıldığı ilk dönəmlərdə ikinci dalğanın oktyabr-noyabr aylarında ola biləcəyi bildirilsə də, yoluxmalar avqustdan etibarən artmağa başlayıb.

Professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında bildirib ki, ikinci dalğa başlamayıb:

"Ayrı-ayrı bölgələrdə texnoloji vəziyyət müxtəlifdir, ümumiyyətlə, coğrafiyalar fərqlidir. Dünyanın ən qüdrətli ölkəsi Amerikada da vəziyyət dramatikdir. Birinci dalğa tamamilə sönməyib, azalma tendensiyası var. Lakin birinci dalğa hələ də sönməyib ki, ikinci dalğa başlasın. Yenə də hər halda yeni infeksiya ola bilər. Qapalı məkanlarda karantin qaydalarına, davranışlara riayət olunmalıdır. Hazırda məktəblərdə də yoluxma hallarına rast gəlirik. Bütün bunlara ciddi nəzarət olmalıdır. Məktəblərdə partalar, bütün əşyalar tez-tez dezinfeksiya edilməlidir. Bundan əlavə, hazırda payız fəslidir. Mövsümü qriplər də yaranıb. Bütün bunlara qarşı diqqətli olmaq lazımdır".

Həkim-terapevt Rasif Bağırov da məsələ ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, əslində bu, virusun ikinci dalğası deyil:

"Əslində bu, virusun ikinci dalğası deyil. Sadəcə, virus hələ bitməyib. Virusun vaksini, peyvəndi tapılmadığına görə qarşısını almaq olmur. Ara-sıra yoluxma sayında azalma-qalxma olacaq. Lakin virus tam bitməyəcəyinə görə bunu ikinci, üçüncü dalğaya bölmək düzgün deyil.

Bilmək lazımdır ki, virus var və bu virusa qarşı mübarizə hələ də davam edir. Bizim özümüzdə də virusda mübarizə aparılır. Bunun üçün bir çox xəstəxanalar da bağlıdır. İnsanlar ilk vaxtlar virusa ciddi yanaşırdılar. İnsanlar arasında həm qorxu, həm də panika var idi. Bir müddət keçdikdən sonra isə insanlarda bir balaca virusa uyğunlaşma yarandı. Onlara elə gəlir ki, artıq müəyyən qaydaları gözləməmək olar.

Buna görə də maskadan istifadə etmək azalıb. Bir müddət yoluxma sayı azalmışdı, amma artıq maskadan istifadə halları azalıb deyə yoluxma sayı da çoxalıb. Yoluxmanın qarşısınını maska alır. Məhz maskadan istifadə etmək zəifləyəndə yoluxma sayı da çoxalır. Hesab edirəm ki, insanlar maskadan istifadə etsələr, yoluxma sayı azalacaq".

Semra Ələkbərli

Cebhe.info

 

Mənbə: cebhe.info